AZ

Azərbaycan və Almaniya prezidentlərinin Bakı görüşü: İkitərəfli əlaqələrin perspektivləri və əhəmiyyəti - ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə Bakıda keçirdiyi görüş iki ölkə arasında münasibətlərin gələcəyini və bundan sonra əlaqələrin müxtəlif sahələr üzrə inkişafının mühüm istiqamətlərini müəyyənləşdirib. Bu görüş yalnız iki ölkə arasında mövcud olan əməkdaşlığı möhkəmləndirmək deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin genişləndirilməsi baxımından önəm daşıyır. Almaniya ilə strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və rəsmi Berlinin bu prosesdəki rolunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, Cənubi Qafqazda sabitliyin təmin olunmasında və beynəlxalq münasibətlərdə müsbət dinamikanın inkişafında mühüm rol oynayacaq.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Azərbaycan və Almaniya prezidentlərinin Bakı görüşü: İkitərəfli əlaqələrin perspektivləri və əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Sözügedən görüşün təhlili göstərir ki, iqtisadi əməkdaşlıq və ticarət potensialı, enerji sahəsində yeni istiqamətlər, regional təhlükəsizlik və sabitlik, beynəlxalq əlaqələr və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma ilə bağlı mövcud imkanların reallaşdırılması məqsədilə atılacaq addımlar hər iki ölkə üçün faydalı olacaq.

Görüşdə Azərbaycan və Almaniya prezidentlərinin müzakirə etdikləri əsas mövzulardan biri iqtisadi əməkdaşlığa dair oldu. Hazırda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi, lakin mövcud imkanlardan daha səmərəli istifadənin mümkünlüyü bildirildi. Prezidentlər ticarət dövriyyəsinin artırılması və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladılar.

Azərbaycan təbii resurslar, xüsusilə enerji və mineral ehtiyyatlar sahəsində Almaniyanın texnologiya və təcrübəsindən faydalanmağa üstünlük verir. Bu, iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Almaniyanın yüksək texnologiyalar sahəsindəki nailiyyətləri, xüsusilə sənaye və informasiya texnologiyaları Azərbaycanda yeni infrastruktur layihələrinin reallaşdırılmasında müstəsna rol oynaya bilər. Bu baxımdan gələcəkdə iki ölkə arasında ticarət mübadiləsinin, eləcə də texnologiya, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın daha da genişləndirilməsi gözlənilir.

Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlıq isə xüsusilə diqqəti cəlb edir. Çünki ölkəmizin enerji resursları Avropa üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də bu əməkdaşlığın gələcək perspektivlərindən danışıb, təbii qaz və bərpa olunan enerji sahələrində Almaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi mövzusuna diqqət çəkib.

Qeyd olunduğu kimi, Almaniya təbii qaz və bərpaolunan enerji sahələrində qabaqcıl texnologiyalara malikdir. Bu texnologiyaların ölkəmizdə tətbiqi həm enerji sektorunun şaxələndirilməsinə kömək edə, həm də Avropanın enerji təhlükəsizliyinə daha çox töhfə verə bilər. Almaniya Prezidenti Ştaynmayerin qeyd etdiyi kimi, ölkəsi bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın Avropaya təbii qaz ixracını artırması və bərpa olunan enerji sahələrində əməkdaşlığın gücləndirilməsi isə iki ölkə üçün strateji əhəmiyyətə malikdir.

Görüşün mühüm mövzularından biri də regional təhlükəsizlik məsələləri olub. Məlumdur ki, Cənubi Qafqazdakı gərginlik və Ermənistanla münasibətlər Azərbaycan üçün vacib prioritetlərdəndir. Prezident İlham Əliyev Azərbaycanın regional təhlükəsizliyin və sülhün bərqərar olması istiqamətində atdığı addımları, xüsusilə Ermənistanla münasibətlərin normallaşmasını qeyd edib. Almaniya Prezidenti də Cənubi Qafqazda sülhün təmin edilməsi və bölgədə gərginliyin azaldılması istiqamətində Azərbaycanın həyata keçirdiyi işləri dəstəklədiyini bildirib. O, həmçinin ölkəsinin bu istiqamətdə Azərbaycanın səylərinə dəstək verməkdə davam edəcəyini vurğulayıb. Təbii ki, bu əməkdaşlıq iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə və regional sabitliyin qorunmasına yardım edəcək.

Görüşdə Aİ ilə Azərbaycan arasındakı əlaqələr də xüsusi müzakirə mövzusu olub. Ölkəmizin Avropa ilə əlaqələrinin inkişafı prosesində Almaniyanın rolu yüksək qiymətləndirilib. Bu ölkənin Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsində və qarşılıqlı maraqların təmin edilməsində mühüm vasitəçi olduğu diqqətə çatdırılıb. Almaniyanın Aİ-də lider mövqeyə sahib olması Azərbaycan üçün Avropa bazarlarına çıxışın genişləndirilməsi, həmçinin bu qurumla siyasi və iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Göründüyü kimi, Azərbaycan və Almaniya prezidentlərinin görüşünün nəticələri ölkəmizin Avropa ilə əlaqələrini daha da dərinləşdirəcək, rəsmi Berlinin enerji təhlükəsizliyi məsələsində rolunu artıracaq. Eyni zamanda, ticarət və investisiyalar sahəsində əməkdaşlıq genişlənəcək. Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da inkişaf edəcək və bu, iki ölkənin strateji maraqlarına xidmət göstərəcək.

Seçilən
270
50
azertag.az

10Mənbələr