Ekspert qeyd edib ki, bu, hər rəsmi iş yeri olmayan vətəndaşın kredit ala biləcəyi demək deyil: “Vətəndaş öz gəlirini hər hansı bir yolla sübut etməlidir. Məsələn, əgər bir şəxs rəsmi əməkhaqqı almır, lakin bizneslə məşğuldursa və ya ona müntəzəm gəlir gətirən bir obyektə sahibdirsə, bu gəlir mənbəyini təsdiqləməlidir. Banklar və MTK-lar üçün əsas məsələ vətəndaşın aylıq nə qədər ödəniş etmək qabiliyyətinin olmasıdır. Çünki daxili ipoteka və ya kredit üçün müraciət edildikdə ilk növbədə vətəndaşın aylıq gəlirinin bu ödənişləri qarşılaya bilib-bilmədiyi araşdırılır. Heç bir bank, yaxud MTK və ya digər maliyyə qurumu daimi gəliri olmayan şəxsə kredit verməz, çünki bu halda kreditin geri qaytarılması riski çox yüksək olar. Burada əsas məqam vətəndaşın əməkhaqqı alması deyil. O, ümumiyyətlə ay ərzində dayanıqlı gəlir əldə edirsə, gələcəkdə ödənişlərdə problem yaranmayacağına əminlik varsa, daxili ipoteka və MTK kreditləri çərçivəsində bu məsələ həll edilə bilər”. V.Oruc əlavə edib ki, İpoteka və Kredit Zəmanət Fondu dövlət qurumu olduğu üçün burada risklər daha yüksək səviyyədə idarə olunur. Buna görə də vətəndaşın istər dövlət, istərsə də özəl sektorda rəsmi işlədiyini sübut edən əməkhaqqı tarixi üzrə məlumatları tələb olunur. Hazırkı elektron sistemlər vasitəsilə müvafiq qurumlar vətəndaşın aylıq əməkhaqqısını və onun kredit ödəmə qabiliyyətini izləyə və qiymətləndirə bilirlər. Sevinc İbrahimzadə / Metbuat.az