AZ

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?

Cənubi Qafqazın, xüsusən Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişmə məkanına çevrilməsi dünya mediasının diqqətindədir. Dünya Bankı Qazaxıstan, Azərbaycan və Gürcüstana yönəlmiş multimodal dəmir yolu və dəniz dəhlizini həyati və etibarlı ticarət marşrutuna çevirə biləcək prioritet tədbirləri müəyyən edən “Mərkəzi Ticarət və Nəqliyyat Dəhlizi” adlı araşdırmasını dərc edib. Araşdırmaya görə, “Orta Dəhliz” ticarət və təchizat zəncirinin dayanıqlığını artıra bilər.

Məsələ İran rəsmiləri və mediası tərəfindən də diqqətlə izlənir. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan vilayətində keçirdiyi görüşlərdə deyib ki, “bu gün biz yeni Qafqazla üz-üzəyik və biz Cənubi Qafqazı dəyişdirəcək bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq. Qafqaz dünyanın tranzit və ticarət mərkəzinə çevrilir”. Səfir xüsusən İranın şimal –türk-azəri vilayətlərinin prosesdə yaxından iştirak etməsinə fəallıq göstərir, vilayətləri Cənubi Qafqazla, daha çox isə Azərbaycan respublikası ilə əməkdaşlığa təşviq etməyə çalışır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani Dağlıq Qarabağla bağlı işlətdiyi və Azərbaycan tərəfindən tənqidlə qarşılanan fikirlərdən sonra Tehrana çağırılmışdı. Hüseyn Amir-Abdullahian “X” (Tvitter) sosial səhifəsində bu görüşlə bağlı yazmışdı: “İranın Azərbaycan Respublikası və Ermənistandakı səfirləri ilə görüşdə Cənubi Qafqaza diqqət və diplomatik sistemin xaricilərin müdaxiləsi olmadan bu regionda daimi sülh və sabitliyin bərqərar olmasına və İranın bu iki ölkə ilə əlaqələrinin inkişafına diqqət yetirilməsi İran İslam Respublikası hökumətinin qonşuluq siyasəti olduğu vurğulandı”. Bunun diplomatik dildən tərcüməsi o demək idi, İran indiki mərhələdə hər hansı uyğunsuz ifadələr üzündən Azərbaycanla münasibətlərin korlanmasını, “dünyanın tranzit və ticarət mərkəzinə çevrilən Qafqaz”da oyundankənar qalmaq istəmir.

Mövzu İranın Naxçıvan Muxtar Respublikasındakı yeni baş konsulu Əziz Mənsuri və Şərqi Azərbaycanın qubernatoru Abedin Xorram arasında görüşdə də müzakirə olunub. Vali xüsusi vurğulayıb ki, vilayətin Culfa şəhərində mövcud dəmir yolu infrastrukturu İran və Qafqaz arasında nəqliyyat və dəmir yolu tranzitinin inkişafı üçün təhlükəsiz marşrutdur: “İran və Azərbaycan Respublikası arasında münasibətlərin ümumi çərçivələrində nəqliyyat Şərqi Azərbaycanın Naxçıvana münasibətdə prioritet məsələlərindən biridir”.

Amma hələ də Azərbaycanın İranı oyundan kənar qoya biləcəyi haqda qorxular da dilə gətirilir. Beynəlxalq məsələlər üzrə ekspert Şüeyb Bəhmən belə qənaətə gəlir ki, Zəngəzur dəhlizi hələ də gündəmdədir.

İranın “eghtesadsaramad” nəşri isə Zəngəzur dəhlizinin geoiqtisadi mövqeyini dəyərləndirib. Qeyd olunur ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və Gürcüstan dəhlizi Qafqaz regionunda ən mühüm Avrasiya dəhlizləri hesab olunur. Hazırda 824 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolu Qafqazı Avropa ilə birləşdirən ən mühüm marşrutdur, amma Zəngəzur dəhlizinin yaradılması Gürcüstandan yan keçməklə onun uzunluğunu 330 kilometr azaldacaq. Nəşrə görə, Zəngəzur dəhlizinin məqsədlərindən biri Avrasiyanın, Çinin və Avropanın hər iki tərəfindəki iki böyük iqtisadiyyatı birləşdirməkdir. Çin və Avropa arasında ticarətin 90%-i dəniz yolu ilə həyata keçirilsə də, Zəngəzur dəhlizi son nəticədə qalan 10%-in yalnız kiçik bir hissəsini təşkil edə bilər. Mərkəzi Asiyanın Avropaya əsas ixracı xammaldır, xüsusilə də qalıq yanacaqlar əsasən dəniz yolu ilə daşınır və nəticədə bu dəhliz Mərkəzi Asiyadan Avropaya böyük miqdarda xammalı daşıya bilmir.

Azərbaycanın yalnız enerji daşçıyıcıları deyil, təmiz enerji (elektrik) ixracı imkanları da qonşu dövlət tərəfindən təhlil edilir.

“Tahlilbazaar” Azərbaycan Avropada bərpa olunan enerji paylama mərkəzi olmaq yolunda olduğunu yazır. Xatırladılır ki, 2022-ci ilin dekabrında Azərbaycan və Avropa arasında birgə layihə kimi Buxarestdə Qlobal Şəbəkə keçidi Təşəbbüsü (GGI) adlandırılan layihəyə start verilib və sonradan adı dəyişdirilərək “Enerji Sualtı Kabel” adlandırılıb. Plan hazırda 2,3 milyard dollar dəyərində təxmin edilir. Avropa və Azərbaycan hökumətlərindəki mənbələrin məlumatına görə, bu layihə 2029-cu ilə qədər fəaliyyət göstərəcək.

Qeyd edilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin böyük enerji transferi layihəsi haqqında danışaraq, bunu Avropa İttifaqı və Cənubi Qafqazı, o cümlədən iki ölkə Azərbaycan və Gürcüstanı bir-birinə yaxınlaşdırmaq üçün əsas hesab edib.

“Tahlilbazaar” qeyd edir ki, Azərbaycanın quruda 27, dənizdə isə 157 giqavat elektrik enerjisi vermək potensialı var və 2027-ci ilə qədər bu potensialın ən azı 4 giqavatının reallaşacağı bildirilir. Ancaq ölkənin daxili elektrik enerjisinə olan tələbatını qiymətləndirsək, onun 80%-dən çoxu artıqdır və ixrac oluna bilər. Digər tərəfdən, bərpa olunan enerji ilə yanaşı, Bakı 2027-ci ilə qədər ixrac sektoruna 6 giqavat elektrik əlavə etmək imkanını açıqlayıb. Adi elektrik stansiyaları sektoru tərəfindən istehsal olunan elektrik enerjisinin əlavə edilməsi ilə ölkənin bu dövrdə Avropaya ümumi elektrik enerjisi ixrac gücü 27 giqavatdan çox artacaq.

Seçilən
592
50
publika.az

10Mənbələr