ABŞ-nin vitse-prezidenti Ceyms Vens baş nazir Narendra Modi ilə görüşmək və ikitərəfli ticarət, tariflər, müdafiə sahəsində əməkdaşlıq və geosiyasi məsələləri müzakirə etmək üçün Hindistana səfərə gedib...
Poliqon xəbər verir ki, Vensin Palam aviabazasına gəlişinin görüntüləri Hindistanın NDTV telekanalı tərəfindən yayımlanıb.
“Bu səfər ikitərəfli münasibətlərdəki tərəqqi və Baş nazirin ABŞ-yə səfəri zamanı 13 fevral 2025-ci ildə qəbul edilmiş Hindistan-ABŞ Birgə Bəyanatının icrasını nəzərdən keçirmək imkanı verəcək. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar”, deyə Hindistanın Xarici İşlər Nazirliyindən bildiriblər.
Danışıqların əsas mövzuları arasında ABŞ-nin Hindistana tətbiq etdiyi 26%-lik tariflərin təsirini yumşaltmaq üçün Vaşinqton və Yeni Dehlinin həftələrdir müzakirə etdiyi ikitərəfli ticarət sazişinin olacağı gözlənilir. Qeyd edək ki, ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli ticarət 2024-cü ildə Hindistanın xeyrinə 45,7 milyard dollar müsbət saldo ilə 129 milyard dollara çatıb.
Səfərlə bağlı “The Economic Times” qəzeti yazır ki, heç bir sazişin imzalanması gözlənilməsə də, bu səfər iki hökumət arasında böyük müdafiə və ticarət tərəfdaşlıqları üçün zəmin yaradır.
Xatırladaq ki, Modinin fevral ayında Vaşinqtonda Trampla görüşündən sonra birgə bəyanatda süni intellekt, enerji, yarımkeçiricilər, kritik minerallar və birgə silah istehsalı sahəsində ambisiyaları qeyd edilib. Hindistanın ABŞ-dən “Javel”in tank əleyhinə raketləri və Stryker döyüş maşınlarını alması və birgə istehsal etməsi gözlənilir.
Vensi səfərdə Hindistan əsilli həyat yoldaşı Uşa və üç uşağı müşayiət edir. Onların gəlişi ilə əlaqədar Yeni Dehlidə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin yol polisi ABŞ-nin vitse-prezidenti və ailəsinin keçəcəyi marşrutları təmizləyir.
Poliqon.info