Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib.
Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib.