Şəxsin cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.