Rusiya ABŞ-ın milli maraqlarına hörmətlə yanaşır və ümid edir ki, Vaşinqton da Moskvanın maraqlarına eyni şəkildə yanaşacaq. Bunu dövlət başçısı Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinlə söhbətində deyib.
“Bilirsiniz, amerikalıların, Amerika xalqının, Amerika rəhbərliyinin, o cümlədən prezidentin öz milli maraqları var. Biz buna hörmətlə yanaşırıq. Güman edirik ki, bizə də eyni cür münasibət göstəriləcək”, - Rusiya lideri bildirib.
Putin deyib ki, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” “məntiqi nəticəyə” çatdırmaq üçün lazımi qüvvə və resursları var. Dövlət başçısı bunun “Rusiyanın ehtiyac duyduğu nəticə” ilə edilə biləcəyinə aydınlıq gətirib.
“Bu nəticə bu böhrana səbəb olan səbəblərin aradan qaldırılması, uzunmüddətli, davamlı sülh üçün şəraitin yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsi, həmişə haqqında danışdığımız ərazilərdə xalqımızın, rus dilini doğma dil, Rusiyanı özünün vətəni hesab edən insanların maraqlarının təmin edilməsidir”.
P.ƏMİRCANOV
XQ