Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı baş tutdu. Laçın hava limanının açılışı yalnız infrastruktur hadisəsi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təntənəsinin real ifadəsidir. Bu gün biz təkcə bir hava limanı açmırıq – biz tarix yazırıq. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı olmaqla, həm strateji baxımdan, həm də texnoloji imkanları ilə ölkəmizin yeni inkişaf mərhələsinin rəmzidir.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır:
"Laçın Beynəlxalq Hava Limanı son beş il ərzində işğaldan azad olunmuş ərazilərimizdə istifadəyə verilmiş müasir standartlara cavab verən üçüncü Beynəlxalq Hava Limanıdır. Laçın hava limanı gələcəkdə Zəngəzur dəhlizinə, Şərqi Zəngəzur və Qarabağın logistik və turizm imkanlarına töhfə verəcək. Bu infrastruktur təkcə bölgə üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün sabitlik və inkişaf mesajıdır. Eyni zamanda açılış mərasimində Türkiyə Prezidentinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir parlaq təzahürüdür. Bir gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Pakistanın Baş naziri cənab Şahbaz Şərif arasında Laçında keçirilən görüşün də üçtərəfli strateji əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyəti var".