“İyun ayının 14-də Heydər Əliyev sarayında Alim müəllimlə birlikdə “Şəbi Hicran” adlı konsertimiz baş tutacaq. Çox arzulayırdım ki, atamla nə vaxtsa səhnədə Leyli və Məcnun oynayım. 99 faiz arzum həyata keçəcək. Bu tam opera deyil, düşüncələrimizə uyğun operanın yığcam formasıdır. Bir az da təsirli olsun deyə biz bura pantomim rəqsləri də əlavə etmişik ki, tamaşaçı həyəcanı daha qabarıq şəkildə hiss etsin. Səhnədə 4 nəfər olacaq. Hazırda məşqlər gedir. Hər bir konsertimiz bizim üçün həyəcanlıdır, həmçinin də bu".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib.
O daha sonra əlavə edib:
“Biz Amerikanın ştatlarında “Leyli və Məcnun” tamaşasından müəyyən parçalar ifa edirdik. Çox arzulayırdıq ki, bunu öz vətənimizdə də həyata keçirək. Çünki tamaşaçılar da bunu istəyirdilər. Bu istəyi nəzərə alaraq 2023-cü ildə biz bunu konsert formasında etdik. 2025-ci ildə isə tamaşa formasında təqdim etməyə qərar verdik”, - deyə o bildirib.
Fərqanə Qasımova son günlər sosial şəbəkələrdə Leyli və Məcnun rollarını ifa edən sənətkarların yaş həddi ilə bağlı müzakirələrinə də münasibət bildirib:
“Bunu mənim deməyə haqqım yoxdur. Alim müəllim xalqın rəğbətini qazanan xanəndədir. O özü bu rolu seçdi. Çünki əsas insanın ruhudur. Əgər ruh sənə həmin obrazı oynamağa icazə verirsə, orada heç bir yaşın fərqi yoxdur. Çünki hər yaşda o rolu müxtəlif cür hiss edib, oynayırsan. Yaş keçdikcə o rolu daha zəngin ifa etməyə çalışırsan. Əgər həqiqətən də ruhun o tələblərə cavab verirsə. Mən buna pis baxmıram, əgər kimsə onun öhdəsindən gəlirsə oynamağı qəbahət deyil”.
