Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG yeni terrorçular və silah-sursat toplayaraq böyük qarşıdurmaya hazırlaşır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilata yaxın mənbələr bildirib.
Onların sözlərinə görə, Deyr əz-Zor, Raqqa, Tabqa, Mənbic və digər bəzi bölgələrin cəbhələrinə çoxlu sayda terrorçu, silah və sursat göndərilir. Təşkilatın sıfırdan yenilənmə prosesinə İrandan dəstək verildiyi də iddia edilir.
Hətta İran və İraqdan gələnlərlə yenidən qurulan təşkilatın iştirakçılarının sayı artıq 50 mini keçib. Mənbələr iddia edir ki, təşkilat ortaq strategiya çərçivəsində Suriya, Türkiyə və İraq hökumətlərinə təsir etməyi hədəfləyir.
Həmçinin qeyd olunur ki, YPG müxtəlif qrupları özündə birləşdirərək Dəməşqə alternativ mərkəz olmaq niyyətindədir. Qısamüddətli təlimlərlə hazırlaşdırılanlar artıq təmas xəttlərinə yerləşdirilib. Bəzi mövqelərdə yeni düşərgələr yaradılıb və bura qatılanlara 300 dollar maaş verilir.