AZ

İctimai məkanları zibilləyənlər kimlərdir - hansı tədbirlər görülməlidir?

İctimai nəqliyyatlar gündəlik həyatımızın ayrılmaz hissəsidir. Minlərlə insan istədikləri ünvana çatmaq üçün bu nəqliyyat vasitələrindən istifadə edir. Lakin təəssüf ki, bəzən bu ictimai mühitə qarşı hörmətsizlik göstərilir. Bu hörmətsizliklərdən biri də ictimai nəqliyyatı zibilləməkdir.

Bəzən tez-tez qarşılaşdığımız mənzərələrdən biri də ictimai nəqliyyatda xoşagəlməz zibil görüntüsünə şahid olmaqdır.

Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Operativ Media-ya açıqlama verib.

Sosioloq bildirir ki, cəmiyyəti bu cür davranışlardan çəkindirməyin radikal yolları var:

“Cəmiyyətdə bu kimi problemlər getdikcə artır. Belə problemlərin yeganə həlli yolu isə cəzalar və cərimələrdir. Başqa yol yoxdur. Biz bunu digər məsələlərdə də görmüşük. Bu baxımdan son vaxtlar bəzi qərarlar qəbul olundu və cəzalar artırıldı. Lakin cüzi təsir göstərsə də məsələ hələ də tam olaraq həll olunmayıb. Hər yerdə kamera quraşdırılmalı, mülki şəxs formasında olan nəzarətçilər və polislər belə hallara rast gəldikdə dərhal yerində çox ağır cərimələr tətbiq etməlidir. Əksər hallarda 80 faiz zibilqabı olan yerlərdə belə zibil yerə atılır. Artıq demək olar ki, hər yerdə zibilqabları mövcuddur. Dünya üzrə ən çox zibilqabı quraşdırılan ölkələrdən biri də bizik. Bakıda əraziyə nisbətdə zibilqabları sıx yerləşdirilib. Bu halda görünür ki, bizim milli-genetik psixologiyamızda qanun və qaydaları saymamaq meyli var. Biz cəmiyyət olaraq qanunları sevmirik, qaydaları pozmağı isə daha çox üstün tuturuq. Bu bir faktdır.

Belə cəmiyyəti yalnız bir yolla düzəltmək mümkündür: ağır cəza və cərimələrlə. Burada yalnız maddi cərimələrdən söhbət getmir. Həmin şəxslər ictimai işlərə cəlb oluna bilər. Məsələn parkları təmizləmək kimi işlərə cəlb edilmək mümkündür. İnkişaf etmiş ölkələrdə hətta bu cür qanun pozuntusuna görə 2 min avroya qədər cərimə tətbiq olunur. Bu səbəbdən insanlar belə qanun pozuntularından çəkinir. Bizim ölkədə də bu cür tədbirlər tətbiq oluna bilər."

İctimai nəqliyyatın çirklədilməsi ilə bağlı qanunvericilikdə hansı cəzalar müəyyən edilib?

Hüquqşünas Babək Umudov Operativ Media-ya bildirib ki, qanunvericilik ictimai nəqliyyatın növündən asılı olaraq ictimai nəqliyyatın çirkləndirilməsinə, orada tullantıların atılmasına görə müxtəlif növ cəzalar təyin edir:

"Misal üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə görə, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalator və vaqonların salonuna tullantı atmağa, dəmir yoluna hər hansı əşya atmağa görə 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilir.

Həmin Məcəllənin 301.2-ci maddəsinə görə, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilir.

Bundan əlavə, Məcəllənin 266.3-cü maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 (üç yüz) manat məbləğində, vəzifəli şəxslər 1000 (min) manat məbləğində, hüquqi şəxslər isə 4000 (dörd min) manat məbləğində cərimə edilir".

Seçilən
142
27
operativmedia.az

10Mənbələr