AZ

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

"Apple" şirkətinin həmtəsisçisi Stiv Cobsun həyat yoldaşı Lourin Pauell Cobs "OpenAI" və "Apple"ın sabiq baş dizayneri Coni Ayv tərəfindən hazırlanan sirli süni intellekt cihazına dəstək verir. 

Valyuta.az xəbər verir ki, Pauell Cobsun yatırımları və bu layihənin "Apple"a mümkün təsiri müzakirə mövzusuna çevrilib.

"OpenAI" və 6,5 milyard dollarlıq investisiya

Bu ay ChatGPT-nin yaradıcısı olan "OpenAI" 6,5 milyard dollarlıq "I/O" investisiyası ilə gündəmə gəlib. Bu yatırım, Coni Ayv və "OpenAI" baş direktoru Sem Altmanın birlikdə həyata keçirdiyi sirli süni intellekt cihazı layihəsinə dəstək məqsədi daşıyır. Maraqlısı odur ki, bu layihədən Lourin Pauell Cobsun da maliyyə baxımından fayda götürəcəyi bildirilir.

Lourin Pauell Cobsun rolu və yatırımları

14 milyard dollardan artıq sərvətə sahib Lourin Pauell Cobs, "Emerson Collective" adlı investisiya şirkətinin qurucusu və rəhbəridir. 2019-cu ildə Coni Ayv "Apple"dan ayrılaraq "LoveFrom" və "I/O" kimi öz təşəbbüslərini qurduqda, Pauell Cobs bu layihələrə dəstək vermək imkanını əldən buraxmayıb. İddialara görə, bu yatırımların ümumi məbləği 1 milyard dolları keçib.

Texnologiyanın qaranlıq tərəfi

"Financial Times"a verdiyi müsahibədə Coni Ayv və Lourin Pauell Cobs həm Stiv Cobsla birgə keçirdikləri illəri, həm də texnologiyanın doğura biləcəyi mənfi nəticələri müzakirə ediblər. Ayv "OpenAI" ilə əməkdaşlığının əsas səbəblərindən birinin "insanlığın daha yaxşısını haqq etməsi" ideyası olduğunu vurğulayıb.

May ayında verdiyi başqa bir açıqlamada isə Ayv "Apple"dakı fəaliyyətlərinin bəzən xoşagəlməz nəticələr doğurduğunu etiraf edib:

"Yeni bir şey icad etdikdə, gözlənilməz nəticələr ortaya çıxır. Bəziləri müsbət olsa da, digərləri zərərli ola bilər. Mənfi nəticələr bəzən bilərəkdən olmur, amma bu, məsuliyyət hissi yaradır və faydalı olmaq üçün əlimdən gələni etməyə qərarlıyam".

Pauell Cobs da texnologiyanın başlanğıcda mənfi məqsədlərlə yaradılmadığını bildirsə də, bəzi texnologiyaların zamanla sui-istifadə edilə biləcəyini deyib. Xüsusilə yeniyetmələrdə və gənc qızlarda artan narahatlıq və psixi sağlamlıq problemlərinin, texnologiyanın mənfi təsirlərindən biri olduğunu vurğulayıb:

"Əslində bu cihazlar bu məqsədlə istehsal edilməmişdi, amma gəlib çıxdığımız nöqtə budur".

"Apple" üçün siqnallar çalınır?

Coni Ayv, Pauell Cobsun "LoveFrom" layihəsinə dəstəyini təsdiqləyərək, bu şirkətin onun dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini bildirib. Lakin hazırda hazırlanan gizli cihazın dəqiq olaraq nə olduğu hələ açıqlanmayıb. Bəzi şayiələrə görə bu cihaz ekranı olmayan süni intellekt əsaslı bir telefon ola bilər.

Bəzi analitiklər isə Ayv və "OpenAI" arasında qurulan bu əməkdaşlığın "Apple" üçün potensial təhdid təşkil edə biləcəyini qeyd edirlər.

Paşa Məmmədli
 

Seçilən
328
5
valyuta.az

10Mənbələr