AZ

İnnovativ startaplar

İnnovativ

İnnovasiya fəaliyyəti üzrə vergi güzəştləri almış mikro və kiçik sahibkarlıq subyektlərinin sayı 213-ə çatıb.“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri "Cool Bears" MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı, "Multi Solutions" MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər üçün veb platforma və mobil tətbiq layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilər.

Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır. “Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir. Təkcə 2024-cü ildə Agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40%-ni gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30%-i gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznəsə” layihələrindən 60 gənc faydalanıb.

Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

2024-cü ildə KOBİA-nın biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 1047 təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-nın video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib. Ümumilikdə, 2024-cü ildə Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdirmək istəyən iş adamları dəstək üçün KOBİA-nın struktur bölmələrinə müraciət edə bilərlər.

Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) geniş infrastruktur şəbəkəsi mövcuddur. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən iş adamları dəstək və xidmətlər üçün KOBİA-nın KOB evlərinə, 50-dən çox şəhər və rayonu əhatə edən KOB dostu şəbəkəsinə və KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, KOBİA regionlarda həyata keçirilən və ya icrası davam edən 18 layihəyə 300 min manatdan çox qrant vəsaiti ayırıb. Regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə 930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanmış sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb.

Agentlik tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil olunub. KOBİA-nın dəstəyi ilə hazırlanmış biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür. Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərinin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub.

Gbaru.com Azərbaycanda və regionda inşaat sektorunda fəaliyyət göstərən şirkətləri bir araya gətirən ilk B2B platformasıdır və bu sahədə fəaliyyət göstərən şirkətlər arasında rəqəmsal işbirliyini gücləndirmək, satınalma proseslərini sadələşdirmək və onları beynəlxalq bazarlara çıxarmaq məqsədilə yaradılıb. Gbaru.com-un verdiyi imkanlar sayəsində şirkətlər özəl satınalma elanları paylaşa, həmin elanlara dair təkliflər ala, məhsul və xidmətlərini auksion vasitəsilə sata bilərlər. Nəticədə həm təchizatçılar, həm də alıcılar üçün daha çevik, şəffaf və sürətli qərarvermə prosesi təmin edilir. Üstəlik, platforma üzərindən vakansiya yerləşdirmək və kampaniyalar təşkil etmək də əlçatandır.

Bizneslər və startapların süni intellekt texnologiyalarına əlçatanlığını təmin etmək üçün yaradılmış AlfinX platforması yerli bazarda Azərbaycan dilində xidmət göstərən yeganə süni intellekt platformasıdır. Startapın müəllifi Orxan Əliyev ərsəyə gətirdikləri platformanın bizneslər üçün yüksək dəqiqliklə, lokal dildə və münasib qiymətlə süni intellekt həlləri təqdim etdiyini bildirib. Belə ki, heç bir texniki bilik tələb olunmadan bizneslər AlfinX vasitəsilə sərfəli qiymətə süni intellekt servislərindən faydalana bilərlər. Bununla yanaşı, platforma sadə inteqrasiya, avtomatlaşdırılmış proseslər və istifadəyə hazır API-lərlə təmin olunduğu üçün gündəlik əməliyyatları daha sürətli və effektiv həyata keçirməyə imkan verir.

Mahir

Seçilən
87
4
xalqcebhesi.az

10Mənbələr