AZ

Azərbaycanda ayı çoxdur ki, ikisini də İngiltərəyə verdik?

"Wildheart Animal Sanctuary" adlı heyvan müdafiə təşkilatının məlumatına görə, Azərbaycanda Altıağac qəsəbəsində restoranların birində çətin şəraitdə, qəfəsdə saxlanılan ayılar Böyük Britaniyanın Uayt adasına göndərilib. Təşkilat Benji və Balu üçün 150 000 funt sterlinq (343 691 manat) ianə toplayıb. Bildirilib ki, orada onlar otlaqlar, ağaclar, gölməçələr və qış yuxusu üçün mağaralarla təchiz olunmuş, geniş ərazini əhatə edən sığınacaqda yaşayacaqlar.

Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” Qanununa əsasən, vəhşi heyvanların, o cümlədən ayıların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılması və yetişdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi ilə mümkündür. Bu icazə olmadan belə heyvanların saxlanılması və nümayiş etdirilməsi qadağandır.

Həmçinin qanuna görə, bəzi restoranlar ayı, cüyür və ceyran əti adı altında naməlum mənşəli heyvan ətlərini müştərilərə təqdim edirlər. Bu, həm istehlakçıların aldadılması, həm də qanunvericiliyin pozulmasıdır. Belə hallarda restoran sahibləri və ovçular qanunsuz ov və heyvanların qanunsuz istifadəsi səbəbi ilə məsuliyyətə cəlb olunur və cərimə edilirlər.

Yəni Azərbaycanda ayıların restoranlarda saxlanılması və ya ətlərinin təqdim edilməsi ciddi şəkildə qanunla məhdudlaşdırılıb. Maraqlıdır ki, buna bamxayaraq restoran sahibləri necə və hansı şəraitdə hələ də ayıları müştərilərin diqqətini cəlb etmək üçün istifadə ediblər? Üstəlik, nəyə görə bu ayılar ölkəmizin təbiətinə uyğunlaşdırılaraq burada saxlanılmaq əvəzinə başqa ölkəyə göndərilib?

Zooloq-mütəxəssis Elşad Əsgərov Publika.az-a bildirdi ki, həmin ayıların başqa ölkədə saxlanılması Azərbaycanın ekosistemi ilə bağlı deyil:

“Restoranlarda saxlanılan ayılar adətən çox erkən yaşlarında, bala olduqları dövrdə təbiətdən ayrılaraq insanlara öyrəşdirilir. Bu səbəbdən onlar ana ayıdan öyrənməli olduqları təbii instinktləri, o cümlədən ov etmə, təhlükələrdən qorunma və sağ qalma bacarıqlarını inkişaf etdirə bilmirlər.

İnsanlara alışmış bu heyvanlar qeyri-adi dərəcədə asılı və müdafiəsiz olurlar. Əgər belə ayılar heç bir hazırlıq və təlim keçmədən vəhşi təbiətə buraxılsa, onlar yüksək ehtimalla insan yaşayan ərazilərə yaxınlaşacaq, qida axtarışında onlarla təmas qurmağa çalışacaqlar. Bu da həm insanlar, həm də ayılar üçün təhlükəli nəticələrə yol aça bilər. Belə hallarda ya insanlara hücum riski artır, ya da bu heyvanlar təhlükəli hesab edilərək məhv edilə bilər”.

Seçilən
298
5
publika.az

10Mənbələr