Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Prezident İlham Əliyev “Reklam haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Bununla da rəqəmsal platformalardakı (sosial media) reklamlar qanunla tənzimlənməyə başlayıb.
Artıq bu qərardan 2 həftəyə yaxın müddət keçib və bəzi blogerlər reklamları yeni qaydalarla yaymağa başlayıblar.
Xatırlatma üçün qeyd edək ki, yeni qaydaların qısa icmalı belədir:
Rəqəmsal platformalarda reklam edən şəxslərə təsirçi adı verilib. Bu anlayışa görə, həmin şəxslər fiziki və hüquqi şəxslər ola bilərlər.
Təsirçilər reklam subyekti kimi tanınır və onlara qanunla müəyyən edilmiş hüquq, vəzifə və məsuliyyətlər tətbiq edilir.
Təsirçilər sosial mediada reklam yayarkən “sponsorluq” və ya “tərəfdaşlıq” kimi etiketlərdən istifadə edərək izləyicini məlumatlandırmalıdırlar. Reklam yerləşdirilən zaman reklamvericinin məlumatları da qeyd olunmalıdır. Buraya hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və digər əlaqə məlumatları daxildir (telefon və elektron poçt ünvanı).
Azərbaycanın sosial media seqmentində influenser və blogerlərdən başqa çoxsaylı məşhur səhifələr mövcuddur ki, onların da böyük əksəriyyəti media qurumlarına aiddir.
Bəs yeni qaydalar həmin səhifələrə də şamil edilirmi?
Operativ Media-nın araşdırmasına görə, "Reklam haqqında" qanunun 26-1.5 maddəsində bildirilir ki, yeni qaydalar audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.
Bəs audiovizual media subyektləri hansılardır?
Buraya Televiziya və Radio kimi media qurumları, internet üzərindən fəaliyyət göstərən media platformaları daxildir. Beləliklə həmin media qurumlarının səhifələrində reklam yerləşdirilərkən "Reklam haqqında" qanunun 26-1-1 – 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər istisna edilir.
Qeyd edək ki, Azərbaycanda dövlətin media sahəsinə dəstək siyasəti çərçivəsində media subyektləri bir sıra vergilərdən azad edilib.