Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb.
Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.
Tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.
Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.
Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.