Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəsi üçün yeni vəkilin qoşulduğu elan olunub. D.İşxanyan yeni vəkilinə etiraz etmədiyini bildirib. O, mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini ötən proseslərin birində dediyini xatırladıb və həmin tarixlə yanaşı, mayın 24-də keçirilmiş məhkəmə proseslərinin protokolları ilə də tanış olmaq istədiyini söyləyib.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün yaxın günlərdə şərait yaradılacağını, həmin vaxt onun istədiyi protokolla tanış ola biləcəyini bildirib.
Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin iştirakı ilə tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.
Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.
Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.
Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.
Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Bununla da cinayətkar fəaliyyətin daha da möhkəmləndirilməsi üçün maliyyə mənbələrinin artırılması, Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi ilə əlaqəli şəkildə cinayətkar planların hazırlanması təmin edilib.
Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.
Vurğulanıb ki, qeyd olunan ərazilərdəki müvafiq təbii və xammal-filiz ehtiyatları, bəhs edilən cinayətkar birliyin rəhbər üzvlərinin birbaşa rəhbərliyi və nəzarəti altında istismar edilib.
Məhkəmədə işğal dövründə Azərbaycan ərazilərində su elektrik stansiyalarının (SES) qanunsuz tikintisi və istismarı ilə bağlı sənədlər də tədqiq olunub.
Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində - Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.
Ermənistan silahı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər - 5, 10, 15, 20, 25 illik - bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.
Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.