AZ

La Liqa: 2024/25 mövsümünün ən yaxşısı – Rafinya!

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Arena.az İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir ki, mövsümün oyunçusu adına “Barselona”nın 28 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Rafinya layiq görülüb.

Səsvermədə Rafinya komanda yoldaşları – Lamin Yamal, Robert Levandovski və Pedrini, həmçinin “Real”dan Kilian Mbappe, Vinisius Junior və Cud Belliingemi, eləcə də “Betis”dən İsko və Bilbao “Atletik”indən Oyan Sanseti qabaqlayıb.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 57 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 144 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
231
7
arena.az

10Mənbələr