2023-cü ildə sosial media idarəetmə platforması olan “Buffer” bir marketinq vəzifəsi üçün 1 518 namizədin müraciət etdiyini bildirmişdi. Bu rəqəm təəccüblü görünsə də, güclü korporativ mədəniyyəti və rəqabətli maaş təklif edən şirkətlər üçün adi haldır.
Hazırda iş bazarında bir çox namizəd sadəcə CV göndərməklə uğur qazanmağın çətin olduğunu anlayır. Bəzən sizinlə bərabər yüzlərlə, hətta minlərlə namizəd eyni vəzifə üçün yarışır.
Valyuta.az xəbər verir ki, belə şəraitdə fərqlənməyin ən təsirli yollarından biri şəxsi brend qurmaqdır. Öz brendimizi necə quraq?
CV-dən kənara çıxın və özünüzü fərqləndirin
Ənənəvi CV-lər ciddi formatlarla məhdudlaşır — bir səhifəlik, konkret nailiyyətlərlə və sadə dizaynla. İndi isə bir çox şirkətlər müraciət formalarında "LinkedIn" profilinin linkini mütləq sahə kimi tələb edir.
Bu məkan sizin fərqlənmək imkanınızdır. Yaxşı hazırlanmış profil şəkli, yaradıcı başlıq, maraqlı bio, “Featured," layihələrə keçidlər və keçmiş əməkdaşlardan alınan tövsiyələr – bunlar sizin səsinizi daha aydın eşitdirir.
Kiçik addımlarla kontent yaratmağa başlayın
"LinkedIn" bəzən qorxuducu görünə bilər. Xüsusilə də heç vaxt paylaşım etməmisinizsə, “Yeni işimi elan etməkdən məmnunam” tipli yazılar sizi çəkingən edə bilər. Amma bu platforma fərdi təcrübə və şəxsiyyətinizi nümayiş etdirmək üçün unikal fürsətdir.
Müəllif Anna Burcess Yanq deyir ki, o öz "LinkedIn" yoluna həftədə bir paylaşım edərək başlayıb. Başlanğıcda məqsəd qoymasa da, tədricən məzmunlarını daha strateji şəkildə paylaşmağa başlayıb. Bu da onun şəxsi brendini gücləndirib və daha çox imkanlar yaradıb.
Şəxsi brend sizə qapılar açır
İş dünyasında CV yalnız kağız üzərində bir məlumat toplusudur. Amma şəxsi brend sizinlə bağlı etimad və əlaqə yaradır. Yönəldiyiniz sektorda və ya şirkətlərdə çalışan insanlarla erkən ünsiyyət qurun. Postlarını bəyənin, şərh yazın, öz fikirlərinizi paylaşın. Bütün bunlar sizi CV yığının üst sırasına çıxara bilər.
İş təklifləri sizin dalınızca gələ bilər
Möhkəm şəxsi brend sizə yalnız imkanlar qazandırmır, həm də iş təkliflərini birbaşa sizə gətirə bilər. Rekruterlər və menecerlər LinkedIn-də aktiv olan, öz sahəsini paylaşan və etibarlı imic yaradan insanları axtarır.
Anna Burcess Yanq özü sərbəst işləsə də, qeyd edir ki, "LinkedIn" üzərindən aldığı əlaqələr və təkliflər şəxsi brendi sayəsində mümkün olub. Onun məzmunları insanlar tərəfindən izlənilir, işi tanınır və ona inam formalaşır.
Sərvanə Rəmixanova