Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Macarıstana qarşı yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan yığma komandaları sabah Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq yoxlama oyununda üz-üzə gələcəklər.
Bu gün oyundan öncə mətbuat konfransı keçirilib. Millimizin portuqaliyalı baş məşqçisi ilə birgə Bəhlul Mustafazadə də jurnalistlər önünə çıxıb.
Fernando Santos bunları söyləyib: “Azərbaycan millisinin hər oyunu özü-özlüyündə vacibdir. Rəqibləri təhlil edir, kimliyindən asılı olmayaraq, hamısına qarşı ciddi hazırlaşırıq. Macarıstan yığmasının hücumda və müdafiədə necə oynadığını, oyun üslubunu bilirik. Çətin qarşılaşma olacaq. Buna baxmayaraq, futbolçularımız çox istəkli, motivasiyalıdırlar. Onların durumuna görə müəyyən dəyişikliklər ola bilər. Oyunçularım yorğundurlar, iki gün əvvəl oyun keçiriblər. Bu səbəbdən bəzi dəyişikliklər istisna deyil. Macarıstan yığmasını yaxşı tanıyıram, bir neçə dəfə onlara qarşı çıxış etmişəm. Yaxşı təşkil olunmuş kollektivləri var. Sabah hər iki komanda qələbə qazanmağa çalışacaq. Komandamı strateji olaraq matça hazırlamışam”.
Bəhlul Mustafazadə də qarşıdakı matçdan gözləntisini bölüşüb: “Macarıstan kifayət qədər keyfiyyətli komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Milli komandada hər zaman hazır olmaq məcburiyətindəsən. Fikrimcə, şanslar bərabərdir. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Düşünürəm ki, yaxşı oyunla qələbə qazanmaq mümkündür”.
Sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Macarıstan matçına saat 20:00-da start veriləcək.