AZ

Polşada ukraynalılar: Dövlət yardımları, xalq aqressiyası və aqibətləri – ARAŞDIRMA

VARŞAVA. 10 iyun. TELEQRAF

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi Avropanın demoqrafik mənzərəsini dəyişdi. Müharibənin başlaması ilə milyonlarla ukraynalı öz ölkəsini tərk edərək qonşu dövlətlərə, xüsusilə də Polşada sığınacaq tapdı. Bu gün isə Polşada ukraynalılar ölkənin iqtisadi, sosial və mədəni həyatının ayrılmaz hissəsinə çevriliblər.

Polşa ukraynalılar üçün yad ölkə deyil. Müharibədən əvvəl təxminən bir milyondan çox ukraynalı əmək miqrantı Polşada yaşayırdı. Müharibədən sonra bu rəqəm sürətlə artmağa başladı.2024-cü ilin sonuna olan məlumata görə, Polşada təxminən daimi və müvəqqəti qeydiyyatda olanlar daxil olmaqla 2.5 milyon ukraynalı yaşayır. Qeyri-rəsmi mənbələrə görə, bu rəqəm 3 milyondan çoxdur. Hazırda Polşada 250 mindən çox ukraynalı uşaq Polşa məktəblərində təhsil alır. Keçən ayın son gününə olan məlumata görə Polşanın əhalisi 38 milyondan azca artıqdır.

Ukraynalılar Polşada əsasən böyük şəhərlərdə məskunlaşıb. Ən çox ukraynalı müharibə qaçqını və miqrantı paytaxt Varşavada yaşayır. Varşavada onların sayı təxminən 300.000-400.000 nəfər təşkil edir. Polşa paytaxtında isə ümumilikdə 1.8 milyon əhali yaşayır.

İkinci böyük icma isə Krakov şəhərində formalaşıb, burada 150.000-200.000 arası ukraynalı məskunlaşıb. Vrotslav da ukraynalıların üstünlük verdiyi şəhərlər sırasındadır və burada onların sayı 120.000-150.000 nəfərdir. Poznan şəhərində isə təxminən 80.000-100.000 ukraynalı yaşayır.

Polşada ukraynalılara dövlət dəstəyi

Polşa hökuməti 2022-ci ilin martında qəbul etdiyi xüsusi qanunla ukraynalı qaçqınlara bir sıra hüquqlar və güzəştlər təqdim edir. Belə ki, ilk aylardan qaçqınlara Polşa vətəndaşları kimi sosial xidmətlərdən istifadə etməyə imkan verən fərdi identifikasiya nömrəsi (PESEL number) verilməyə başlayıb. Ukraynalılara ən böyük imtiyaz əmək bazarında verilir. Belə ki, ukraynalılar iş icazəsi olmadan Polşada işləyə bilirlər. Bu da polşalı işçi qüvvəsini narazı salır.

Ukraynalılar Polşada sosial yardımlar da alırlar. Hər bir uşaq üçün Polşa höküməti aylıq 226 manat (500 zlotı), məktəb ləvazimatları üçün illik 136 manat (300 zlotı)ödəyir. Ukraynalılar üçün digər sosial müavinətlər də mövcuddur.

Eyni zamanda hər bir ukraynalı yardım kimi bir dəfə 136 manatlıq (300 zlotı) məbləğində ardıma baş vura bilər. Bundan başqa, ukraynalı uşaqlar Polşa məktəblərində təhsil ala bilirlər və universitet tələbələri təhsillərini davam etdirə bilirlər.

Səhiyyə sistemində də ukraynalılar üçün dövlət güzəştləri var. Qaçqınlar üçün tibbi və psixoloji yardımlar pulsuzdur. Bu proqramların maliyyələşdirilməsi üçün 2022-ci ildə 2,2 milyard manat (4.9 milyard zlotı) 2023-cü ildə isə 1.1 milyard manat (2.5 milyard zlotı) xərclənib.

Polşada ukraynalı qaçqınların təxminən 65-70%-i əmək bazarına inteqrasiya olunub. Onlar əsasən xidmət sektoru, tikinti, sənaye və İT sahələrində çalışırlar. Ukraynalıların polyak dilində bilik səviyyəsi də artmaqdadır. Müharibədən əvvəl gələnlərin 68%-i, qaçqınların isə 28%-i polyakca yaxşı danışır.

2023-cü ildə ukraynalı qaçqınlar Polşa iqtisadiyyatına 0.7%-dən 1.1%-ə qədər töhfə vermiş, dövlət büdcəsinə isə 10 milyard manat (15-20 milyard zlotı) vergi və sosial sığorta ödənişləri ediblər. Bu, dövlətin onlara göstərdiyi maliyyə dəstəyindən daha çoxdur.

Polşalılar ukraynalılara getdikcə daha az dəstək verir

Müharibənin əvvəlində Polşa cəmiyyəti ukraynalı qaçqınlara böyük dəstək göstərirdi. Amma zaman keçdikcə bu dəstəyin azalması müşahidə olunur. 2023-cü ilin aprelində keçirilən sorğuda respondentlərin 73 faizi -i qaçqınların qəbulunu dəstəkləyirdisə bu rəqəm əvvəlki aylarda 83 faizi idi.

2024-cü ildə isə respondentlərin yalnız 42%-i ukraynalılara uzunmüddətli yaşayış hüququ verilməsini tərəfdar çıxır. Rəyi soruşulanları 44 faizi isə bununla razılaşmır.

Bu dəyişikliklər iqtisadi çətinliklər və əmək bazarında rəqabət kimi amillərlə əlaqələndirilir. Belə ki, ukraynalılar əmək bazarında ucuz işçi qüvvəsi kimi işləyirlər. Bu da daha yüksək əmək haqqı ilə işləyən yerli və xaricilərin öz işlərinin itirməsinə səbəb olur. Həmçinin ukraynalıların Polşaya gəlməsi ilə kirayə ev qiymətləri də həddindən artıq qalxıb. Mübaribədən əvvəl kirayə ev qiymətləri bir otaq üçün 600-900 manat arasında dəyişirdisə, indi eyni otaqlar iki misli qiymətində təklif olunur.

Bu da yerli əhali arasında ciddi narazılığa səbəb olur. Ukraynalıların bir hissəsi burada və ya digər ölkələrdə uzun müddət yaşamağı düşünür, digərləri isə müharibənin bitməyini gözləyir. Onlar arasında ölkələrinə qayıdanlar da az deyil.

Yeni prezidentin siyasəti necə olacaq?

Bir həftə əvvəl millətçi və mühafizəkar Karol Navrotski Polşanın yeni prezidenti seçildi. Onun prezidentliyi dövründə ukraynalılar taleyi də xüsusi maraq doğurur. Navrotski Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləsə də Ukraynanın NATO və Aİ-yə üzvlüyünə qarşıdır. Həmçinin ukraynalı qaçqınlara uzunmüddətli dəstəyin azaldılmasını və Polşa vətəndaşlarının maraqlarının əsas götürülməsi xəttini müdafiə edir. Bu siyasi xətt ukraynalı qaçqınların gələcəkdəki statusuna dair qeyri-müəyyənlik yaradır.

Ümumilikdə, cəmiyyətin ukraynalılara münasibətində dəyişikliklər və yeni siyasi rəhbərliyin siyasəti ukraynalıların Polşada aqibəti ilə bağlı suallar doğurur.

Seçilən
105
2
teleqraf.com

10Mənbələr