“Hesab edilir ki, Moskva NATO-nun bir və ya bir neçə üzvünə hücumun hamıya hücum kimi qiymətləndirilməsini müəyyən edən 5-ci maddəsini sınaqdan keçirmək istəyir. Ümumiyyətlə, Rusiya heç zaman bu maddəni sınaqdan keçirməz. Çünki ağılsız deyil. Bu, onun sonu ola bilər. Bir növ II Dünya Müharibəsindəki Almaniyanın taleyini yaşaya bilər. Yəni, Ukraynanı ortalığa atan NATO ölkələri birinə hücum olarsa, bu dəfə hərbi əməliyyatlarda birbaşa iştirak edərlər”.
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Onun sözlərinə görə, Rusiya belə müttəfiqlərlə ancaq bir neçə il mübarizə apara bilər:
“Sonda bir neçə hissəyə parçalanma ehtimalları daha yüksək görünür. Bunu Kremlin dəhlizlərində bilməmiş deyillər. Eyni zamanda, Ukrayna kimi ağır savaş aparan bir güc digər daha böyük gücləri qarşısına almaq istəməz. Bu, faktiki III dünya müharibəsi sayıla bilər. Praktikada da şimal qonşumuzun NATO ölkələri ilə bağlı hər zaman ehtiyatlı siyasət yürütdüyünü yaxşı görürük. Çünki NATO-nun 5-ci maddəsinin nə olduğunu yaxşı anlayırlar. Ukrayna və ya ondan qabaqkı Gürcüstan müharibəsi NATO-nun bir üzvünə qarşı edilən hücum deyildi.
Yəni nə Ukrayna, nə də Gürcüstan NATO üzvü deyil. Almaniya tərəfi sadəcə açıqlamalarla NATO ölkələrini uyarmaq niyyətində də ola bilər. Çünki Ukrayna savaşının nə qədər çətinliklə olsa da, Rusiyanın xeyrinə doğru getdiyini görürlər. İstənilən halda Putin Rusiyası hesab edirəm ki, Ukrayna savaşını qələbə ilə başa vursa belə NATO-nin beşinci maddəsini sınaqdan keçirmə riski etməz. Unutmayaq ki, bu müharibə bitsə belə, Rusiya müharibə nəticəsində ona dəyən ziyanı aradan qaldırmaq üçün uzun illər vaxt sərf etməli olacaq. Yaxın perspektivdə Ukraynadan sonra Kremlin hər hansi bir müharibə başladacağını görmürəm”.
//Gülnarə Abasova, Editor.az