Bloger Aynur Qurbanqızı qəbulu 140 manat olan tanınmış psixoterapevt Azər Bağırovdan şikayət edib.
Yenisabah.az xəbər verir ki, buna səbəb isə psixoloqun blogerin qızına kobud davranması olub. O bildirib ki, qəbul üçün 140 manat ödəyib, qarşılığında isə onun kobud davranışı ilə qarşılaşıb:
"Qızım stresə düşəndə ürəkbulanması, qusmaları olur. Bunun üçün 3 dəfə psixoterapevt Azər Bağırovun qəbulunda olub, hər dəfə də 140 manat ödəmişik. Bundan əlavə, onun həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib. Həyat yoldaşının qəbulu 80-100 manatdır. Sanki ancaq pul yığmaq üçün şəbəkə qurub. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsiniz ki, 140 manata bu həkimin qəbulu nədən ibarətdir. Dərmanlar bitdikdən sonra, ötən həftə qızım təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər deyib".
A.Qurbanqızı əlavə edib ki, həkim ona müxtəlif dərmanlar yazıb:
“Üstəlik, dərmanların aylardır təsiri olmayıb. Qəbul zamanı həkimin cavabları məhz belə olub: “Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib-içməməyin məni maraqlandırmır. Mən sənin anan, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən, yazıram…"
Qızım deyir ki, danışarkən dediklərimə də fikir bildirmirdi, fikri növbəti xəstəni qəbula salmaqda qalmışdı. Məni narahat edən və əsəbiləşdirən nədir?! Bir psixoterapevt stresə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər, amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stres pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. Biz 140 manat pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalması üçün heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!"./Axşam.az
Telegram kanalımız