AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim edib və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş edib.

Ruben Vardanyanın vəkili Avraam Berman da onun mövqeyini müdafiə edib.

Hakim Zeynal Ağayev isə bildirib ki, hazırda məhkəməyə təqdim olunan vəsatətlərə artıq əvvəlki iclaslarda baxılıb və müvafiq qərarlar qəbul edildiyindən, onlar bu dəfə müzakirəyə çıxarılmır.

Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov deyib ki, təqsirləndirilən dəfələrlə eyni məzmunlu vəsatətlə təkrarən müraciət edir. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır.

Ardınca məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirə nəticəsində qəbul edilən qərara əsasən vəsatət təmin olunmayıb.

Sonra məhkəmədə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Zavur Bədəlov övladı Cavidan Bədəlovun Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Qədim Xəlilovun atası İlqar Xəlilov və Elnur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduqlarını deyiblər.

Hüquqi varis qismində dindirilən Niyaməddin Sadıqov övladı Ceyhun Sadıqovun, digər hüquqi varis Teyyub Əzizalıyev isə övladı Seymur Əzizalıyevin düşmənin təxribatı nəticəsində həlak olduqlarını bildiriblər.

İfadə verən zərərçəkmiş şəxs Elbrus Eminov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması, Baloğlan Feyzullayev isə onlara tərəf atılmış “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş şəxs Tural Cəbiyev Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşə tutulmaları nəticəsində güllə xəsarəti aldığını bildirib.

Zərərçəkmiş şəxs Toğrul Osmanlı Xocalı istiqamətində düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində qəlpə yaraları aldığını deyib.

Hüseyn Hadıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində sağ döş qəfəsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Fərzani Nəcəfzadə isə ifadə verən zaman bildirib ki, düşmən tərəfindən snayper tüfəngindən atılmış güllənin sol çiyninə dəyməsi nəticəsində xəsarət alıb. Bundan sonra yanında olan şəxslər onun yarasına sarğı qoyarkən Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri dron vasitəsilə onların olduğu yerə qumbara atıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirib ki, qumbaranın partlaması nəticəsində sol əlindən və sol sifət nahiyəsindən qəlpə yaraları alıb.

Fikrət Məmmədov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərminin partlaması nəticəsində özünün və Nəsimi Məmmədovun yaralandığını söyləyib.

Seçilən
1
49
aznews.az

10Mənbələr