Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Fernandu Santuş Macarıstana qarşı beynəlxalq yoldaşlıq görüşündən sonra (1:2) mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı öncə oyunla bağlı fikirlərini bölüşüb.

- Ümumi oyuna yaxşı başlamadıq. Qapımızdan erkən qol buraxdıq. Oyunçularım bərabərlik topunu vurdular. Ona qədər balanslı oyun gedirdi. Birinci hissədə daha bri qol buraxdıq. İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib futbolçular keyfiyyətlidirlər. Topa sahib çıxırdılar. Oyunçularım sona qədər inanırdılar ki, bərabərlik qolunu vuracaqlar. Onlar yorğun idilər, bu, özünü meydanda göstərdi. Buna görə bir neçə futbolçunu meydançaya buraxmalı oldum. Matçın sonlarında qol epizodu yaratsaq da, hesabı bərabərləşdirə bilmədik. Futbolda bəzən bəxt də olmalıdır. Həm Latviya, həm də Macarıstanla qarşılaşmalarda oyunçularımdan razı qaldım, daha yaxşı çıxış etdilər.

- Rza Cəfərov görüşün uzatma dəqiqələrində rəqibin cərimə meydançasına qədər getmişdi. Bu sizin qərarınız idi?

- Əlbəttə, onun irəli çıxmasına mən göstəriş vermişdim.

- Dünya çempionatının seçmə mərhələ oyunları üçün nə dərəcədə nikbinsiniz? 

- Bu, elə bir məqamdır ki, daima oyunçularımla danışıram. Təlim-məşq toplanışlarında bir yerə yığışanda bu barədə söhbət açırıq. Son hazırlıq prosesində bundan əvvəlkində olan çatışmazlıqlar üzərində işlədik. Bu da alındı. İşləməli olduğumuz məsələlər hələ də var. 

- Macar həmkarınız Marko Rossi Renat Dadaşovun qol epizodunda əllə oynadığını bildirdi. Bəs siz qol epizodunu necə şərh edərdiniz? 

- Bu, rəqib komandanın baş məşqçisinin fikridir. VAR da olsaydı, eyni qərarı bildirəcəkdi. Top futbolçunun üstünə gəlmişdi. 

- Narazı qaldığınız məqamlar hansılardır? 

- Mən heç də həmişə bunu demirəm. Sadəcə, budəfəki təlim-məşq toplanışını əvvəlkilərlə müqayisə edəndə deyirəm ki, oyunçularım yaxşı çıxış etdilər.

- Yığmamız fərqli heyətlərdə oynayır. Buna səbəb nədir?

- Fərqli heyətlər seçməkdə səbəb uzun yoldur. Üstəlik, rəqib komandalarda fərqli oyunçular olur. Latviyaya uzun uçuş olub. Təbii ki,, bəzən futbolçulara dincəlməyə imkan vermək lazımdır. 

- Emin Mahmudovu "6" nömrədə oynatmaqla, onu yaradıcılıqdan məhrum etmirsiniz ki?

- Həmin mövqedə ən yaxşı oynayanlardan biri Andrea Pirlodur. Yaxşı texnikası var və bunu göstərə bilir. Emin bu gün qənaətbəxş çıxış etdi, bu mövqedə daha yaxşı performans sərgilədiyini fikirləşirəm. Böyük rəqiblərə qarşı yaxşı çıxış edib. Son 2 oyun buna nümunədir.

- Cəlal Hüseynov dedi ki, məşqçinin tapşırığı qol buraxmamaq idi. 

- Mən belə şey deməmişəm. Əgər o, belə söyləyibsə, yalandır. Köməkçim Rəşad Eyyubov da təsdiqləyər ki, belə söhbət olmayıb.