NATO Ukraynaya maliyyə yardımını üzv ölkələrin müdafiə xərcləri üzrə yeni hədəf göstəricisinə (ÜDM-in 5 %-i) daxil edə bilər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi iyunun sonunda Haaqada keçiriləcək alyans sammitinin iştirakçılarının yekun bəyanatının layihəsinə istinadən məlumat yayıb.
Sənəddə əsas diqqət sammitdə təsdiqlənməsi gözlənilən ÜDM-in 5 %-i həddinin əldə edilməsi yollarına yönəlib. Bunun üçün müdafiə məhsulları ticarətində maneələrin aradan qaldırılması təklif olunur.
Agentlik layihədə Ukraynanın NATO-ya daxil olma perspektivləri və Çinin Rusiya ilə sıx əməkdaşlığına görə qınanması barədə heç bir qeydin olmadığına diqqət çəkib. Sənəd kifayət qədər lakonikdir. Mənbələrin məlumatına görə, bu, ABŞ Prezidenti Donald Trampla açıq mübahisələrdən qaçmaq üçün edilib.
Qeyd edək ki, NATO Sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. 45 ölkədən 6 mindən çox nümayəndənin, o cümlədən dövlət başçıları və nazirlərin iştirakı gözlənilir.