AZ

Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini azalda bilər

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6,3 faiz, aylıq inflyasiya isə 0,3 faiz təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 faiz, qeyri-ərzaq malları üzrə isə 2,7 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,8 faiz olub.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 faiz, illik isə 4,6 faiz azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədar olub. Qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.

Seçilən
30
6
xezerxeber.az

8Mənbələr