AZ

Xınalıqda TƏHLÜKƏ artır – Dövlət Turizm Agentliyi qəzalı evlərin bərpasını 19 ildir niyə YUBADIR? – FOTO/VİDEO

Dünyaca məşhur Xınalıq kəndində bərpa işlərinin gecikməsi sakinlərin narazılığına səbəb olub. Qədim memarlıq ənənələrinə malik bu kənddə, xüsusilə qəzalı vəziyyətdə olan evlərdə işlərin ləng aparılması köhnə tikililər üçün təhlükə yaradır.

Bu şikayətlə Bizim.Media-nın yerli bürosuna Xınalıq sakinləri müraciət ediblər. Dediklərinə görə qədimiliyin qorunub saxlanılması şərti ilə bərpa edilməsi nəzərdə tutulan evlər qəzalı duruma düşdüyündən hər an uçma təhlükəsi ilə üz-üzə qalıb. 

“Hər an uçacaq deyə qorxu içindəyik...”

6 nəfərlik ailə üzvü ilə öz doğma kəndində kirayədə yaşadığını vurğulayan Xınalıq sakini Namiq Əhmədov  evində yaşamağın mümkünsüz olduğunu deyib:


“Qışı çox əziyyətlə keçirdik. Evin tavan və divarları çat içindədir, qapı-pəncərələr bağlanmır. Ev hər an uçacaq deyə qorxu içindəyik. Xınalıqdan, Quba şəhərindən illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir"- deyə Namiq Əhmədov vurğulayıb.

“Qonşunun evini bərpa edəndə mənim evimi dağıdıb”

Xınalığın digər sakini Kənan Osmanov isə tikinti şirkəti tərəfindən qəzalı evinin daha da pis vəziyyətə düşdüyündən gileylənib:


“Bilirsiz ki, Xınalıqda qədim evlər bir-birinin içində yerləşir, yəni bir evin damı digər evin divarına düşür. Bu səbəbdən tikinti təşkilatı qonşunun evini bərpa edəndə mənim evimi pis günə qoyub. Dəfələrlə müraciət etsəm də 3 ildir, evimi bərpa  etmirlər. Niyə Dövlət Turizm Agentliyi bu məsələyə məsuliyyətlə yanaşmır?”

Bərpa işlərinin yubanması nəricəsində evlərinin getdikcə daha təhlükəli vəziyyətə düşdüyünü deyən kənd sakinləri Xınalıqda görülən işlərin keyfiyyətli və vaxtında aparılmasını tələb ediblər.

Agentlik bu dəfə də söz verdi...

Kənd sakinlərinin şikayətini Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə yönləndirdik. Qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Rufik İsmayılovun Bizim.Media-nın sorğusuna cavabı isə belə oldu:


"Xınalıq və Köç Yolu"Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu ölkə başçısının 4 sentyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. 2023-cü il sentyabr ayının 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və,Köç Yolu" mədəni landşaftı"nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxul olmasına dair qərar qəbul edilib. Xınalıq camaatının köçəri yaşayış tərzi, unukal dili, Qafqaz dağlarında məskən salmış  qədim memarlıq ənənələri və Xınalıq icmasının  mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşər dəyərlərini əks etdirir. Bu irsin qorunması çərçivəsində görülən işlərdən biri də tarix və etnoqrafiya baxımından əhəmiyyəti olan, dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə  yerləşən, qışı sərt keçən Xınalıq kəndində uçquna  məruz qalan, istismar müddətini başa vuran fərdi yaşayış evlərinin əsaslı təmir olunması layihəsidir.


Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və  coğrafi mövqeyi ilə seçilən 160 ev yaşayış məntəqəsinin tarixi hissəsində yerləşməklə, vaxtilə ənənəvi üsulla  tikilib. Onlardan ən təhlükəli vəziyyətdə olan 60 evin  təmir və bərpası ilə bağlı 2020-ci ildə layihələndirmə işləri həyata keçirilib. Bu layihə çərçivəsində 2020-2022-ci illərdə 16 evdə təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar  sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli  tipologiyaya uyğun yenidən qurulub, qapı-pəncərələr yenilənib. 14 oktyabr 2022-ci il tarixdə media nümayəndələrinin və Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə görülən işlərə baxış keçirilib. Təhvil verilən̈ işlərlə paralel  olaraq 2022-ci ildə 11, 2023-cü ildə daha 15 evin təmir-bərpasına  start verilib. Bu evlərdən 19-u artıq  təhvil  verilib, 6 evdə işlər yekunlaşmaq üzrədir. 1 evdə təmir işləri davam etdirilir. İlkin mərhələdə layihələndirilən 60 evdən 18-nin təmir-bərpasına  isə yaxın gələcəkdə başlanılacaq. Bu 60 evdən başqa Xınalıq kənd sakini Namiq Əhmədovun mənzilinin də daxil olduğu  daha 15 evin layihələndirmə işləri sona çatıb. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ayrılan vəsaitə uyğun olaraq həmin evlərin təmirinə başlanılacaq.

İlin yalnız 4-5 ayı tikinti işləri görülür...

Qeyd edək ki, iqlim şəraitinə uyğun olaraq Xınalıqda ilin yalnız 4-5 ayı ərzində tikinti işləri görmək mümkündür. Bu səbəbdən təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq".

Xatırladaq ki, 2006-cı ildə Xınalığa çəkilən yolun açılışında iştirak edən ölkə başçısı qədim tarixə malik bu unikal kənddə evlərin bərpa edilməsi ilə bağlı tapşırıq verib. Həmçinin evlərin çöldən qədimiliyinin qorunması şərti ilə içəridən ən müasir şəkildə bərpa və təmir olunacağını vurğulayıb.

 Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
120
4
bizim.media

10Mənbələr