Yay aylarında sərinləmək üçün mövsümi meyvə və tərəvəzlər qida rasionumuzda əvəzsiz rol oynayır. Bu meyvələr içərisində qarpızın xüsusi yeri var.
Qarpız çox sevilən və yay üçün ideal bir meyvə olsa da, bəzi hallarda onun düzgün istifadə olunmaması müəyyən fəsadlara səbəb ola bilər.
Qarpız alarkən təhlükəsizliyimiz üçün nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Operativ Media-ya açıqlama verib.
Ekspert bildirir ki, qarpızı mövsümündən kənar yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunduğu üçün fəsadları ortaya çıxa bilər:
"Havalar isindikcə sevimli meyvələrimizin də mövsümü gəlib çatır. Yay meyvələri - qarpız, yemiş, ərik, əncir, üzüm, gavalı, alça olduqca ləzzətli və faydalı meyvələrdir.
Qarpız və yemiş iyul və avqust ayında yetişir. Orqanizm üçün faydalıdır. Tərkibi bol sulu olduğu üçün yayda sərinlik gətirir, susuzluğu aradan qaldırır. Həm də tərkibində şəkər miqdarı çoxdur, normadan artıq qəbulu qan şəkərinin yüksəlməsinə, çəki artımına səbəb ola bilər.
Unutmaq olmaz ki, bu meyvələri mövsümündən kənar yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən, dərmanlardan istifadə edirlər. Ona görə də müxtəlif pis nəticələrə, əsasən də zəhərlənmə hallarına səbəb ola bilər. Qarpız alarkən və istifadə edərkən diqqət edin":
- rəngi tünd yaşıl və üzərindəki zolaqlar görünən olsun.
- yumşaq, əzilmiş, solğun rəngli qarpız almayın.
- evdə istifadə etdikdən sonra soyuducuda saxlayın, çox uzun müddət saxlamaq olmaz.
- yeməmişdən əvvəl iyinə, rənginə diqqət edin, özünəməxsus xoş, şirin iyli və tünd qırmızı rəngdə olmalıdır.
- soyuducuda saxladığınız qarpızın üzəri yumşalmış, tumları yerindən çıxmış və iyi, rəngi dəyişmiş halda olmamalıdır.