Qadın güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin Niğdə şəhərində təlim-məşq toplanışına başlayıb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız Türkiyə komandası ilə birgə məşq edir. 

İyunun 25-dək davam edəcək hazırlıq prosesinə Qazaxıstan və Qırğızıstan kollektivlərinin də qoşulması gözlənilir.

Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.

Toplanış bitdikdən sonra Günay və Ruzanna U-20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaqlar.

Digər güləşçilər isə Türkiyənin Kocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcəklər.