AZ

Xilaskarlıq missiyasını həyata keçirən lider

Tarixdə elə hadisələr, günlər olur ki, illərlə, əsrlərlə yaddan çıxmır, unudulmur.

15 İyun Azərbaycan xalqı, dövləti üçün  məhz belə unudulmaz, müqəddəs bir tarixi­ gündür. Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi.  

15 İyundan başlanan uğurlar, Ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımı­zın təməlini möhkəm qoymuşdur.

İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir. Ümum­mili liderimiz Heydər Əliyev tarix ya­radan,  tarixi əbədiləşdirən  və Azərbaycan xalqının yaddaşında əbədi qalmağı bacaran bir şəxsiyyətdir. 

Qurtuluş günümüz – Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gətirilməsi,   xalqın   Ulu öndərinə bəslədiyi məhəbbətindən, etimadından qaynaqlanırdı.  Azərbaycan xalqı  Heydər Əliyevi öz xilaskarı kimi görürdü.

Heydər Əliyevin gərgin əməyi  nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu tez bir zamanda yenidən təşkil edildi,  hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm ni­zam-intizam yaradıldı. O,Ordu ki bu gün bizə tarixi zəfər yaşatdı.

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” kəlamının müəllifi  olan Ulu Öndər sözün əsl mənasında Azərbaycanı dünyaya tanıdan Dahi şəxsiyyət oldu.

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünya­nın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi. 

“İnanıram ki, müstəqil Azərbaycan Respub­likası  həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğur­lar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmiş­dir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli  Liderimizin siyasi kursunu uğurla davam  etdirir və  ölkəmizi  parlaq sabahlara aparır.

Cənab Prezident  ata vəsiyyətini , onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi. Bu arzunu  Möhtərəm  Prezidentimiz  reallığa çevirdi. Bəli 30 ildən sonra Azərbaycan öz əzəli  torpaqlarını işğal altından azad etdi , bütövləşdi və tamamlandı.

“Tariximizin hər səhifəsi bizim üçün əzizdir”- deyən Heydər Əliyev Müstəqil Azərbaycanın  şanlı tarixinin ən əziz səhifəsini təşkil edir.

Bu gün biz qalib xalq kimi Qurtuluş  Gününü qeyd edirik.

Azərbaycan dövləti,  Azərbaycan xalqı var olduqca  Heydər Əliyev dühası var olacaqdır, yaşayacaqdır.

Samirə Zeynalova,

YAP Tərtər Rayon Təşkilatının mühasibi 

Seçilən
48
1
yeniazerbaycan.com

2Mənbələr