AZ

Medinski niyə Qarabağı Ukrayna ilə müqayisə edib? Uğursuz paralelliyin məqsədi budur - AÇIQLAMA

BAKI, 11 iyun. TELEQRAF

Rusiya-Ukrayna müharibəsi Rusiya ərazisində milliyyətçi əhval-ruhiyyəsini daha da yüksəldir. Ona görə də yeni rus şovinizminin təzahürləri ilə üz-üzə qalmalı oluruq. Yaranmış ekstremal vəziyyət bəzi rus siyasətçilərinin düşüncələrində olan məsələləri dilə gətirməyə vadar edir. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin uğursuz Qarabağ müqayisəsi də bu kontekstdə qiymətləndirilməlidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu Rusiya prezidentinin köməkçisinin fikirlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu heç də birdən-birə baş verən uğursuz bir açıqlama deyil: “Bu cür açıqlama və müqayisə əslində, rus şovinist dairələrinin Qarabağa münasibətdə yaranmış yeni reallığı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmədiklərinin göstəricisidir. Məsələnin ən pis tərəfi isə ondan ibarətdir ki, bu cür açıqlamalarla Rusiya tərəfi hələ də həsədlə Qarabağın arxasınca baxmaqda davam edir. Çox böyük həsədlə yenə də Ermənistan və Azərbaycan üzərində nəzarət üçün açar olan bu vasitəni itirdiklərinə təəsüf edirlər”.

Hikmət Babaoğlu əlavə edib ki, bu kimi açıqlamalar həm də fürsət düşdükdə yenidən Qarabağ mövzusunu gündəmə gətirmək niyyətlərinin ifadəsidir: “Ona görə də bu cür açıqlamalar təkcə Medinskinin deyil, bu Rusiyadakı radikal şovinist mərkəzlərin ümumi ortaq fikridir. Bu çox qorxuludur. Belə bəyanatlar açıq və sərt şəkildə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən qınandı. Ümid edirik ki, bir daha belə açıqlamalar olmayacaq”.

Politoloq Oqtay Qasımov isə hesab edir ki, Rusiya prezidentinin köməkçisinin açıqlaması heç də Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması ilə bağlı deyil.

Onun fikrincə, Qarabağ və hazırda Rusiyanın işğal etdiyi Ukrayna əraziləri beynəlxalq hüquq baxımından aid olduğu ölkələrə məxsusluğu ilə tanınıb: “Ona görə də burada mübahisəli hansısa məqam ola bilməz. Medinskinin dediyindən çıxan nəticə ondan ibarətdir ki, vaxtilə Rusiya özü də Ermənistanı tələsdirirdi ki, Azərbaycanla bir formada anlaşsın. Bunun üzərindən də Azərbaycanın Laçın və Kəlbəcər rayonu daxil, Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalını legitimləşdirə bilsinlər. Vaxtilə münaqişənin həllinə dair irəli sürülən “Kazan”, “Madrid”, “Lavrov” planı deyilən iddiaların da tərkib hissəsi bundan ibarət idi”.

Oqtay Qasımov bildirib ki, indi Rusiya Ermənistanın durumuna düşməkdən ehtiyat edir: “Ona görə də Kreml zamanı uzatmadan, əlində olanı saxlamaq niyyətlərini gizlətmir. Ukraynanın işğal edilmiş ərazilərinin Rusiya ərazisi kimi qəbul olunmasına çalışırlar. Əslində, Rusiya qondarma rejimlərdə keçirdiyi səsvermələrin nəticələrinə uyğun olaraq beynəlxalq hüququ pozub. Qarabağın Azərbaycan ərazisi olması faktını isə Rusiya rəsmiləri heç vaxt rəsmi bəyanatlarında şübhə altına almayıblar. 2020-ci ildəki 44 günlük müharibədə də Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir. Amma arxa planda ruslar Qarabağın Ermənistana güzəştə gedilməsi üzərində planlar qururdu”.

Seçilən
60
teleqraf.com

1Mənbələr