AZ

Ukraynanın Zakarpatya bölgəsində nə baş verir? -Zelenski Macarıstanı ittiham edir, Orban isə...


Ukrayna prezidenti Zelenski Macarıstanı agentləri vasitəsilə Zakarpatya bölgəsindəki hərbi hissələrin yeri və macar sülhməramlılarının bölgəyə daxil olmasına ictimaiyyətin reaksiyası ilə bağlı kəşfiyyat məlumatı toplamaqda ittiham edib.

Zelenski, Budapeştin müxtəlif yollarla Ukraynanın daxili işlərinə qarışmağa çalışdığını iddia edib. Macarıstan kəşfiyyatının S-300 hava hücumundan müdafiə sistemlərinin yeri ilə bağlı araşdırmasını sorğulayan Ukrayna lideri bildirib ki, bu məlumatların kimlər üçün toplandığı aydınlaşdırılmalıdır.

Macarıstanın baş naziri Viktor Orban isə Zelenskinin sərt tənqidlərinə cavab verərək bildirib ki, macar xalqı Ukrayna uğrunda döyüşmək istəmir və buna görə də hədəfə alınıb.

"Zelenski bizə hücum edir, çünki biz uşaqlarımızın cəbhədən tabutda qayıtmasını istəmirik. Macarıstan pullarının Ukraynaya getməsini də istəmirik" deyə Orban bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mayın əvvəlində Macarıstan hərbi kəşfiyyatına bağlı bir şəbəkənin bölgənin quru və hava hücumundan müdafiə sistemi haqqında məlumat topladığını iddia edərək, iki keçmiş ukraynalı əsgərin casusluqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Macarıstanın baş naziri Viktor Orban isə cavabında Ukraynanın Macarıstan ərazisində casusluq fəaliyyəti həyata keçirdiyini və Aİ-yə üzvlük prosesində macar müxalifətindən istifadə etdiyini iddia edib.

Xatırladaq ki, Zakarpatya bölgəsi 1920-ci ilə qədər Macarıstanın tərkibində olub. Macarıstan hakimiyyətinin məlumatına görə, hələ də bölgədə 150.000 macar kökənli insan yaşayır. Budapeşt Ukraynanın Aİ-yə üzvlük üçün azlıqların hüquqlarının yaxşılaşdırılmasını tələb edir. İki ölkə arasında diplomatik böhranın kökündə də məhz bu tarixi və etnik gərginliklər dayanır.

Ekspertlər hesab edirlər ki, bu hadisələr NATO daxilində yeni gərginliyə səbəb ola bilər və Ukraynanın Qərbdən dəstəyinə ciddi təsir edə bilər. Bildirilir ki, Macarıstanın xüsusilə Ukraynaya qarşı tənqidi mövqeyi Aİ daxilində blokada yaratmaq potensialına malikdir.

TAHİR

Seçilən
23
baki-xeber.com

1Mənbələr