AZ

Qəbul imtahanında maksimum bal toplayan ÇİÇƏK – “Müəllimlər məndən pul götürmürdülər”

Xəbər verildiyi kimi buraxılış imtahanlarında ən yüksək nəticə göstərənlərdən biri də Qax rayon sakini Çiçək Hümmətlidir.

Bizim.Media-ya öz sevincini bölüşən Qax Rayon N. Allahverdiyev adına 2 saylı orta məktəbin şagirdi Çiçəyin sözlərinə görə 2 il repititor yanına gedib və uğurunun çoxunu hazırlıq müəllimlərinə borclu olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Qəbul imtahanında iki abituriyent maksimum bal topladı – ADLAR


"2 ildir ki, repititor yanına gedirəm. Bütün uğurumu ailəmə və məktəbə, ən çox da hazırlıq müəllimlərimə borcluyam. Ona görə ki, maddi imkanımız aşağı olduğundan hazırlıq müəllimləri çox vaxt məndən pul götürməyiblər. Mən onların yaxşılığını heç vaxt unutmaram”.

Həmsöhbətim hüquqşünaslıq fakultəsini seçdiyini və bu ixtisası seçməyin heç də təsadüfi olmadığını bildirdi:

“Atam uzun illərdir ki, hüquqşünas kimi çalışır. O, Şəki Apellyasiya Məhkəməsində hakim köməkçisi işləyir. Hələ uşaqlıqdan mənə "mütləq kimsə mənim davamçım olmalıdır"- deyirdi. Mən də qərara aldım ki, bu şərəfli peşəni davam etdirim. Şükürlər olsun ki, istədiyim nəticəni əldə edə bildim. Amma onu da qeyd edim ki, bu nəticəni əldə etmək heç də asan olmayıb. Atam hüquqşünas olsa da biz çox kasıb ailə olmuşuq. İkimərtəbəli evimiz vardı və içəridə odun peçi yanırdı. Gecədən keçəndə peç sönərdi və hamı gedib yatardı. Mən səhərə qədər dərs oxuyardım. Gecələr donmamaq üçün atamın, anamın paltarlarını üst-üstə geyinərdim ki, donmayım. Bax belə əziyyətli günlərim çox olub. Amma şükürlər olsun, əziyyətimiz yerdə qalmadı"- deyə Çiçək qeyd edib.

Respublika birincisi olan Çiçək xanımın arzuları burada bitmir. O, gələcəkdə xarici ölkələrin birində magistr təhsili alaraq vətənə qayıdıb layiqli vətəndaş olacağını da bildirdi.

Qeyd edək ki, Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı lll ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. Çiçək imtahanın birinci mərhələsində 297, 5 bal toplayıb.O hər iki mərhələnin cəminə görə 697,5bal toplamaqla respublika üzrə ən yüksək nəticə göstərən abituriyent olub.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
71
4
bizim.media

10Mənbələr