AZ

Mövsümi allergiya astmaya səbəb ola bilərmi?

"Mövsümi allergiya həm astmaya səbəb ola bilər, həm də allergik astma xəstələrinin şikayətlərini kəskinləşdirə bilər. Daha çox yazda və yayda, ağac, gül-çiçək tozcuqlarının təsirindən xəstələrdə allergik simptomlar kəskinləşə bilər, astmanın kliniki əlamətləri yarana bilər".

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-allerqoloqu Nihulə Şamilova açıqlayıb.

Onun sözlərinə görə, mövsüm allergiyasına polen allergiyası da deyilir:

"Buna daha çox yaz, yay və payızda rast gəlinir. Yaz aylarında ağacların çiçəklənməsi allergik xəstələrin simptomlarını artırır. Buna görə də atopik astma xəstələri mövsümöncəsi və mövsüm zamanı profilaktik tədbir görməlidirlər.

Mövsüm zamanı olan profilaktik tədbirlərə aiddir:

Küləkli havalarda çölə çıxmamalı, məcburən çıxarkən də uzunqol köynək geyinməli, eynəkdən istifadə etməli, evə gələrkən duş almalı və nazal spreylərdən istifadə etməli, həmçinin evi küləkli havalarda havalandırmamalıdırlar. Yuyulmuş paltarları küləkli havada qurutmamağı tövsiyə edirik. Çünki allergenlər paltarlara hoparaq allergik xəstəyə mənfi təsir göstərə bilər".

Allerqoloq qeyd edib ki, bundan əlavə, polen allergiyası olan xəstələr, həmçinin yedikləri qidalara da nəzarət etməlidirlər:

"Çünki çarpaz allergik reaksiya baş verə bilər. Bu xəstələrdə daha çox meyvələrə və bala qarşı allergik reaksiya yarana bilər. Allergik reaksiya özünü övrə, allergik rinit, allergik konyunktivit və astma kimi xəstəliklərlə göstərə bilər. Mövsümöncəsi profilaktik tədbir olaraq, xəstədə məlum olan allergen ya tamamilə uzaqlaşdırılmalı, bu da mümkün deyilsə və kliniki simptomlar kəskin deyilsə, mövsümöncəsi xəstəyə immunoterapiya məsləhət görülür.

İmmunoterapiyanın müddəti üç-beş il davam edir və xəstə uzunmüddətli remissiya əldə etmiş olur. İmmunoterapiya ya dilaltı, ya dərialtı aparılır. Əgər bu da mümkün deyilsə, xəstəliyin simptomlarına uyğun mövsüm zamanı həkim tərəfindən müalicə təyin olunur"./oxu.az

Seçilən
54
6
news24.az

7Mənbələr