Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan təmsilçilərindən ikisi medal qazanmağı bacarıb.

45 kq çəki dərəcəsində yarışan Abdurrahman Hüseynli finalda gürcüstanlı Saba Abaşidzeni 9:0 hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Əli Nəzərov (60 kq) isə gümüş medala layiq görülüb.

Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Dünən güləşçilərimizdən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Azərbaycan yığması yekunda 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.