Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmə baxışı iyunun 25-nə təyin olunub.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.