
Azərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.
Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.