Əli Orucov: "Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, federal hökumətlə yerli hakimiyyətlər arasında ziddiyyətlər dərinləşir"
Los-Ancelesdəki iğtişaşlar ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin hərəkətləri ilə alovlanıb. Ağ Ev tərəfindən ölkədəki qeyri-qanuni mühacirləri tutmaq və deportasiya etmək tapşırılıb. ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün şəhərə 2000 nəfərlik Milli Qvardiya əsgərinin göndərilməsini əmr edib.
Trampın etiraz aksiyalarında iştirak edənlərə qarşı hərbi güc tətbiq etməsi dünya ölkələrində demokratik prosedurlara və kütləvi etiraz aksiyalarına hakimiyyətlərin münasibətini necə dəyişə bilər?
Məsələ ilə bağlı baki-xeber com-a açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Trampın hakimiyyətə gəlməsindən sonra Birləşmiş Ştatların ənənəvi siyasətində köklü dəyişikliklər baş verməkdədir: "Bu həm yürüdülən xarici siyasətdə, həm də daxili siyasətdə özünü açıq şəkildə büruzə verir. Ağ Ev rəhbərliyi liberal dəyərləri və dünyanın hüquq sistemini, demək olar ki, dağıtmaqdadır. Onun immiqrantlarla bağlı sərt mövqeyi Amerika cəmiyyətində də xoş qarşılanmadı və verilən qərarlar məhkəmələr tərəfindən mübahisələndirildi. ABŞ-da milyonlarla mühacir yaşayır və çalışır. Doğrudur, bu bir sıra hallarda yerli və federal hökümətə müəyyən problemlər yaradır. Kriminogen durumu ağırlaşdırır. Lakin Amerika cəmiyyətinə inteqrasiya olunmuş, fayda verən, həyatın müxtəlif sahələrində yararlı mühacirləri də zərərlilərlə eyniləşdirmək və hamıya qarşı eyni mövqe sərgiləmək, göründüyü kimi, ciddi etirazlara yol açdı. Xüsusən də Kaliforniya ştatının Los-Anceles şəhərində baş qaldıran etirazlar və mərkəzi hakimiyyətin aşırı güc tətbiqi həm daxildə, həm də beynəlxalq aləmdə geniş rezonans doğurdu. Ştatın qubernatoru və şəhərin meri prezident Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə suçladı.
Eyni zamanda bəzi ştat qubernatorları da prezidentin göstərişi ilə icra olunan hərbi güclə bağlı məhkəməyə üz tutdu və baş verənləri pislədi. İmmiqrantlarla bağlı məsələ ABŞ cəmiyyətini, demək olar ki, parçaladı. Bir kəsim immiqrantların çıxarılmasını dəstəkləsə də, digər qismi bunun əleyhinə çıxır. Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, federal hökumətlə yerli hakimiyyətlər arasında ziddiyyətlər dərinləşir. Ştatlar Trampın sərt mərkəzləşmiş hesab etdikləri qərarlarına açıq şəkildə dirəniş göstərirlər və bu, qarşılıqlı ittihamlara qədər gedib çıxır. 2000 nəfərlik Milli Qvardiya və 700 dəniz piyadasının Los-Ancelesə yeridilməsi şəhərdə narazılığı daha da artırıb. Üstəlik, onların şiddətli davranışları və zorakılıqları etirazları daha da şiddətləndirib. Bu, demokratik dəyərlərə zərbə kimi yozuldu.
Xüsusən də insan haqları fəalları Los-Ancelesdəki hadisələr barədə narahatlıqlarını ifadə etdilər. Təbii ki, etiraz aksiyasına və iştirakçılara qarşı hərbi gücdən istifadə avtoritar və totalitar rejimlərə öz hərəkətlərinə haqq qazandırmaq imkanı yaradır. Həmçinin prezident olaraq həmin rejimlərin də etirazçılara divan tutulmasına "qanuni don geydirmək" üçün əsas vermiş olur.
Son məlumatlara görə, Tramp gərginliyi azaltmaq üçün ritorokasını yumşaltmaq məcburiyyətində qalıb. Demək, əks təzyiqlər öz müsbət nəticələrini verir"
Dəniz NƏSİRLİ