AZ

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Şair və yazıçlara da GÜZƏŞT EDİLƏCƏK?

İyul ayından etibarən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər mədəniyyət sektorunda – əsasən teatr, kino, muzey fəaliyyəti üzrə – vergi güzəştlərinin tətbiqini nəzərdə tutur. Nağdsız ödənişlə bilet alan fiziki şəxslərə (teatr tamaşası, film, muzey ziyarəti, konsert) ƏDV-nin 50%-i geri qaytarılacaq.

Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir.

Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına səbəb ola bilər.

Bəs ədəbiyyat sahəsində fərdi və ya nəşriyyat olaraq kitab, tərcümə və digər ədəbi nümunələrin xərclərinin azalması üçün hər hansı güzəştlər tətbiq olunacaqmı?

Mövzuyla bağlı Milli Məclisin "Elm və təhsil" komitəsinin üzvü, millət vəkili Elnarə Akimova Bizim.Media-ya bildirib ki, dəyişikliklərdə ədəbiyyatla bağlı konkret güzəştlər yer almır, amma kitablar və nəşrlərlə bağlı müəyyən proqramlar həyata keçirilir:

“Hazırda ədəbiyyat sahəsində yalnız belə güzəştlər mövcuddur: müəllif kitabının çapı ilə bağlı nəşriyyatla razılığa gəlir. Nəşriyyat öz vəsaiti ilə həmin kitabı çap edir. Belə olduqda kitabın satış icazəsi ancaq nəşrriyyata məxsus olur, bütöv satış mexanizmini özü tənzimləyir. Çap olunmuş kitabdan müəyyən miqdar müəllifə çatır.

Dövlət dəstəyi olaraq isə Mədəniyyət Nazirliyində iki mexanizmli proqram var. Nəşrlərin satınalma komissiyası ikili yöndən fəaliyyət göstərir: müəllif kitabı elektron variantda təqdim edir, komissiya üzvləri, ekspert rəyindən keçəndən sonra müsbət rəy alırsa, həmin kitab nazirliyin hesabına çap olunur.

Müəllifə həm qonorar ödənilir, həm də çap olunmuş kitablardan bəlli sayda verilir. İkinci mexanizm isə odur ki, ildə bir dəfə keçirilən müsabiqədə müəllif ya da anlaşdığı nəşriyyat özləri çap etdiyi kitabı təqdim edir. Bu da ekspertlərin kitab haqqında müsbət rəyindən sonra nazirlik tərəfindən alınır və həmin müəllifə qonorar ödənilir. Müəllif ona ödənilən qonorardan sadələşdirilmiş vergi haqqı ödəyir”.

Yazıçının əziyyəti yerdə qalır

E.Akimova onu da qeyd edib ki, hələ ötən ilin dekabr ayında parlamentdə çıxış edərək ədəbiyyat sektorundakı vergi güzəştləri məsələsini qaldırıb: 

“Çıxışımda bildirmişdim ki, ən azından yazıçı və şairlərə ayrılan qəzet, jurnal və ya kitab çapının qonorarlarından vergi tutulmasın, xətm olunsun. Alınan qonorar nə qədər ki ondan vergi payı da tutulsun?! Elə bunun ləğv olunması yazarlar üçün böyük bir güzəşt olar. Yaxud Mədəniyyət Nazirliyinin sifarişi ilə kitab hazırlanır və müqabilində qənaətbəxş qonorar yazılır. Amma güzəşt olmadığı üçün xeyli vergi çıxılır. Yəni yazıçının əziyyəti yerdə qalır. Göründüyü kimi güzəştlər labüddür”.

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
82
50
bizim.media

10Mənbələr