AZ

Dillə bağlı bu qədər fəryad qoparmağın mənası yoxdur - Komitə sədri akademikə belə reaksiya verdi

BAKI, 12 iyun. TELEQRAF

Ümumiyyətlə, bu cür süni formada dilin inkişafı məsələsi gündəmə tez-tez gəlir. Buna zərurət yoxdur. Müstəqil ölkə olaraq bizim dövlət dilimiz Azərbaycan dilidir. Bundan böyük bir təhlükə, narahatlıq keçirtməməliyik. Cəmiyyətdə dilə ziyan vuran başqa tendensiyalar ola bilər. Hətta dilə ziyan vuran tendensiyalar, məsələlər sonradan faydaya çevrilər.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa akademik Nizami Cəfərovun bəzi əcnəbi sözlər üçün ayrıca lüğət hazırlanması fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə fərqli davranışa ehtiyac var: “Burada daha açıq dili tutmağı bacarmalıyıq. Dili həddən artıq məhdud çərçivəyə salmaq yanlışdır. Yeni söz ehtiyatı məsələsi isə ədəbiyyatın, fəlsəfənin üzərinə buraxılmalıdır. Əsər yazılmalıdır ki, o söz orada olsun. Misal üçün bir aktyor təhsil alır, amma tamaşaya çıxmır və belə olan halda o özünün işləkliyini, hazırlığını qoruya bilmir. Söz də belədir. Mətndə gərək söz işlənsin ki, o, sonradan dilə də rahatlıqla yatsın”.

Komitə sədri hesab edir ki, dillə bağlı bu qədər fəryad qoparmağın mənası yoxdur: “Dil öz-özünü axarı ilə tənzimləyən bir çaya bənzəyir. Yəni, onun qarşısına daş qoymaq, hansısa bir məcraya yönəltmək yanlış olar. Bu mövzuda əsas hədəf odur ki, dil dövlət tərəfindən qorunur. Bu qorunmanın səviyyəsi kimisə qane edər-etməz bu başqa məsələdir. Söz ehtiyatı heç də bununla bağlı deyil. Bu ədəbiyyatın zənginliyi, inkişafı, yazarların erudisiyası ilə bağlıdır. Bunları biz həll etmədən sadəcə dili necə xilas edək? deyə özümüzə yenə bir peşə, iş, məşğulluq tapmağımızın nəticəsi olmayacaq. İmkan verək ki, fəlsəfi, texniki məntlər artsın və dilimiz inkişaf etsin”.

Seçilən
70
teleqraf.com

1Mənbələr