AZ

Türk nazir: Qadınlar cəmiyyətin dayanıqlılığında əvəzolunmaz rola malikdirlər

Bakı, 12 iyun, AZƏRTAC

Qadınların sosial proseslərdə fəal iştirakı müasir dövrün əsas çağırışlarından biridir. Qadınların sahib olduqları bilik, bacarıq və liderlik keyfiyyətləri bu gün regional və qlobal miqyasda ümidverici həllərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq səviyyədə qadın liderlərin ön plana çıxdığını müşahidə edirik. Qadınlar, sadəcə, ailənin deyil, eyni zamanda, cəmiyyətin dayanıqlılığını təmin edən güc mənbəyidir. Tarix boyu qadınlar dövlət idarəçiliyində, ictimai həmrəylikdə və strateji qərarların verilməsində önəmli mövqelərdə təmsil olunublar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə səsləndirib.

O, həmçinin qeyd edib ki, Türkiyə həmin yanaşmanı əsas tutaraq qadınların həyatın bütün sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görür. Qanunvericilik baxımından qadın və kişi hüquqları bərabərlik prinsipi əsasında tənzimlənib. Eyni zamanda, qız uşaqlarının təhsilə cəlb olunması və qadınların bilik səviyyəsinin artırılması istiqamətində ciddi işlər aparılır.

Mahinur Özdemir Göktaş vurğulayıb ki, qadınların gücləndirilməsi yalnız gender məsələsi deyil, eyni zamanda, cəmiyyətin rifahı, ədalət və inkişaf üçün vacib strateji istiqamətdir.

Seçilən
52
azertag.az

1Mənbələr