“15 İyun – Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, həmin dövrdə ölkəmizdə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqliyimizi təhlükə altına almışdı. Belə bir vəziyyətdə ölkəni xilas edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi. Bu lider isə Ulu Öndər Heydər Əliyev idi.
Millət vəkilinin sözlərinə görə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının tələbi iləHeydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır.