AZ

Oman XİN: İran-ABŞ danışıqlarının altıncı raundu iyunun 15-də baş tutacaq

Bakı, 12 iyun, AZƏRTAC

İranla ABŞ arasında nüvə dosyesi üzrə danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, danışıqlar prosesində vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bu barədə özünün sosial media hesabında yazıb.

Xatırladaq ki, aprel ayından başlayaraq Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparır. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.

Hazırda danışıqlar uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə iflas təhlükəsi ilə üzləşib. ABŞ İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi prosesinin tamamilə dayandırılmasında israrlıdır.

Tehran uzun müddətdir ki, nüvə proqramının dinc məqsədli olduğunu vurğulayır. ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran uranın zənginləşdirilməsini 60 faizədək sürətləndirərək 2015-ci il sazişində nəzərdə tutulan məhdudiyyətdən imtina edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatına görə, İran hazırda uranı nüvə silahı hazırlamaq üçün lazım olan səviyyəyə yaxın zənginləşdirib.

ABŞ Prezidenti Donald Tramp Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə ona qarşı güc tətbiq etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar “bölgədə artan təhlükəsizlik riskləri” səbəbindən İraqdakı səfirliyinin əməkdaşlarını qismən təxliyə etməyə hazırlaşır. Bundan əlavə, ABŞ-ın müdafiə naziri Pit Heqset amerikalı hərbçilərin ailə üzvlərinin könüllü olaraq Yaxın Şərq ölkələrini tərk etməsinə icazə verib. Bu qərar əsasən Bəhreyn və Küveytdəki ABŞ vətəndaşlarına aiddir.

Diplomatların təxliyəsi İsrailin İranın nüvə proqramı ilə bağlı hədəflərə zərbələr endirmək niyyətində olmasına dair xəbərlərin yayıldığı bir vaxta təsadüf edib. Çərşənbə günü İranın müdafiə naziri Əziz Nəsirzadə müharibə başlayacağı təqdirdə İslam Respublikasının ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarına zərbələr endirəcəyini bildirib.

Eyni zamanda, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi regionda mümkün hərbi eskalasiya barədə xəbərdarlıq edib və gəmilərə körfəzlərdə ehtiyatla davranmağı tapşırıb.

 

Seçilən
57
azertag.az

1Mənbələr