AZ

Kommunal ödənişlər artacaq? - MÜSAHİBƏ

Yazını böyüt
Yazını kiçilt

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir. Sabit tarif vətəndaşa nə vəd edir?  Müsahibimiz Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovdur.

- Məlum olduğu kimi, qaz və işıqla bağlı yeni qaydalar müəyyənləşdirilir. Söhbət hansı yeni qayda və dəyişikliklərdən gedir?

- Qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur. Qanun layihəsində, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.

- Bu dəyisikliklərin mahiyyəti nədir?

- Bu, dünyada qəbul edilən əsaslı tarif elementidir və bizim ölkədə də tətbiq olunması nəzərdə tutulur. Burada metodoloji qaydada istehlakçı tariflərinin artırılmasından söhbət gedə bilməz. Məsələ istehlak tarifinin təchizat xərclərindən ayrılması ilə bağlıdır. Yəni istehlakçılar tərəfindən tarif dövrü ərzində ödənilən məbləğ artmayacaq. Məsələyə qısa bir misalla aydınlıq gətirək. Aydın məsələdir ki, bu gün işığa, qaza görə konkret tariflər var. Həmin tarif dövründə istehlakçı işığa, qaza görə, tutaq ki, 10 manat pul ödəyir. Gəlin görək, sabit tarif olanda nə baş verəcək: həmin 10 manatın 1 manatı sabit tarif kimi müəyyənləşəcək, qalan 9 manatı istehlaka görə ayrılacaq. Bütün hallarda istehlakçı yenə də 10 manatı ödəyir. Tutaq ki, elə insanlar var, 3 mənzili mövcuddur. Bu insanlar yalnız bir evdə yaşayıb orada istehlaka görə pul ödəyirlər, amma qalanlarından istifadə etmədiklərinə görə istehlaka görə ödəniş etmirlər. Həmin istifadə edilməyən evlər üçün sabit tarif tətbiq olunacaq. Bu, energetika sahəsində inkişafı tənzimləyən prosesdir. Dünya enerji ilə inkişaf edir. Energeika sahəsində aparılan islahatlar enerji təminatımızı keyfiyyətli şəkildə, fasiləsiz tətbiq etməyə, eyni zamanda, bu sahəyə investorlar cəlb etmək üçün imkan yaradacaq. Məlumdur ki, bu gün satış, ötürmə, paylama vahid mərkəzdən  idarə olunur. 2027-ci ildən sonra parlamentdə qəbul etdiyimiz qanuna əsasən, paylama, satış, ötürmə ayrı-ayrı idarəetmə qurumlarında olacaq. Bu münasibətlərin əmələ gəlməsi prosesində sabit tarifin ayrılması əsas xətlərdən biridir.

- Bundan abonentler udacaq, yoxsa uduzacaq? İstər-istəməz bu sual yaranacaq: istehlakçı istifadə etmədiyi enerjiyə görə nəyə görə pul ödəməlidir?

- Tutaq ki, şəxsin bağ evi var, yaxud iki mənzilindən birində yaşayır. Amma istər-istəməz o evə də gəlib-gedir, müəyyən təmir işləri aparır. Bütün bu xidməti göstərmək üçün həmin sabit vəsait ora yönələcək. Bu, xüsusi olaraq vətəndaşı narazı salacaq bir məsələ deyil. Tutaq ki, bağ evinizə gedəndə işığı yandırmalısınız. O işıq öz-özünə gəlmir və orada olması üçün müəyyən xidmət göstərilir. Yəni sabit tarifə əsasən ödənilən pul heç bir halda vətəndaşın vəziyyətini çətinləşdirmir. Bu qanun, bütövlükdə, bütün qanunlarımız ölkə əhalisinin rifahının yüksəldilməsinə xidmət edir. Vaxtilə 90-cı illərin əvvəllərində işıqlar tez-tez sönürdü, Bakı şəhərində su təchizatı, qaz təchizatında problemlər var idi. Bu istiqamətdə aparılan islahatlar getdikcə qaz, işıq, su təchizatı ilə bağlı yüksəlişin əldə olunmasına imkan yaratdı. Bütün bunlar uğurlardır. Biz bunun davamını istəyirik. Dövlət öz əhalisinin qabaqcıl ölkələrin vətəndaşları kimi yaşamasında maraqlıdır. Bu sahədə də daim qanunvericilikdə dəyişikliyə ehtiyac var və edilir.

- Bu qanun nə zamandan qüvvəyə minəcək?

- Məsələ hələ ki, qanuna salınıb. Bu o demək deyil ki, qanun sabah tətbiq olunacaq. Qanunun 2026-cı ildə qüvvəyə minəcəyinə baxmayaraq, həmin mexanizmin işləməsi başqa normativ sənədlərlə tənzimlənəcəyi üçün bu barədə tələsməyə dəyməz.

 - Qiymətlər necə tənzimlənəcək?

 - Təbii ki,  qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir.  Lakin gələcəkdə, yəni bu sahələr üzrə qəbul edilmiş qanunlarla nəzərdə tutulmuş qaydada tənzimləyici operatorların fəaliyyətə başlaması ilə yeni münasibətlər yarana bilər.

Seçilən
32
hafta.az

1Mənbələr