AZ

FHN çimərlik mövsümünə hazırlıqla bağlı mediatur təşkil edib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı media subyektlərinin nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisinə düşən sahilində yerləşən çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.

Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media nümayəndələrinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib. Bildirilib ki, FHN tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. Belə ki, may ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərinin müəyyənləşdirilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub. Bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr və təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyənləşdirən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir. Bütün təhlükəsizlik tədbirləri iyun ayının15-dək yekunlaşacaq və həmin tarixdən etibarən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir.

Xidmətin şöbə rəisi media vasitəsilə vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Həmçinin, diqqətə çatdırılıb ki, xüsusən bölgələrimizdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarından, süni göllərdən, çaylardan, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur: “Qeyd edirik ki, bu tip su hövzələrinin mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı, uşaq və yeniyetmələri belə su hövzələrinin istifadəsindən çəkindirmək lazımdır.

Çimərliklərdə diqqət yetirməli olduğumuz məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir”.

Seçilən
23
19
ekologiya.az

10Mənbələr