“Salam Baku” restoranı ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, restoranda sifariş olunmuş səhər yeməyinin hesabının 98,5 manat olmasına baxmayaraq, qəbzin “ümumi məbləğ” hissəsində 108,35 manat məbləğ qeyd olunub.
Müştərinin bunun səbəbini soruşması nəticəsində masadar ümumi məbləğə əlavə olunan təxminən 10 manatın xidmət haqqı üçün nəzərdə tutulduğu deyilib. Lakin bu haqda qəbzdə heç bir məlumat qeyd olunmayıb.
Qəbzin fotosunu təqdim edirik:
Hüquqşünas Ramil Süleymanov "Referans"-a açıqlamasında bu nüansla bağlı qanunvericilikdə nə deyildiyini şərh edib.
“Birinci növbədə onu bildirmək istəyirəm ki, xidmət haqqı bütün dünyada olan restoran sistemində tətbiq olunan işgüzar adətdir. Bəzi ölkələrin qanunvericiliyi bunu tənzimləyir və bununla bağlı vergiyə cəlbolunma olur. Amma Azərbaycanda bu qanunvericiliklə tənzimlənmir və xidmət göstərən iaşə obyektinin ümumi hesabına daxil olan məbləğə görə vergi hesablanır. Bildirmək istəyirəm ki, qəbzdə göstərilən vəsait əgər vətəndaşın hesablaması ilə uyğun gəlmirsə və ya menyuda servis haqqı ilə bağlı məlumat verilməyibsə, vətəndaşın ixtiyarı çatır ki, qəbzdə göstərilən sadəcə yeməklərin qiymətinə görə ödəniş etsin və restoranı tərk etsin. Menyuda və qəbzdə göstərilməyən xidmət haqqının ödəməsin”.
Hüquqşünas bildirib ki, əgər xidmət haqqı menyuda əks olunmayıbsa, sadəcə hesab ödənilən zaman qəbzdə qeyd olunubsa, yenə də vətəndaşın bunu ödəməmə haqqı var.
“Menyuda da qəbzdə də əksini tapmış servis haqqı məbləğinə isə vətəndaşın etiraz etmə haqqı yoxdur, mütləq şəkildə ödəniş həyata keçirilməlidir. Menyuda qeyd olunmadan vətəndaşdan servis haqqı tələb edən müəssisələr istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta etmiş olurlar. Eyni zamanda bu vergidən yayınma halıdır. Hesab edirəm ki, buna görə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, 350 manatdan 500 manata qədər məbləğdə inzibati qaydada cərimə tətbiq olunacaq. Eyni zamanda Vergi Məcəlləsinin tələbinə uyğun olaraq vergi sanksiyası da tətbiq oluna bilər”.
Fidan Vəlisoy