Azərbaycanın qadın güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunmuş U-17 Avropa çempionatında medalsız qalıblar.
Arena.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə növbəti görüşlər baş tutub.
Azərbaycan güləşçilərindən Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb – 10:9. Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabıyla məğlub olub.
Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.
Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabıyla üstələsə də, belaruslu Anastasiya Komanavaya 0:3 hesabıyla uduzub.
Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri Skopyedəki Avropa çempionatından medalsız ayrılıblar.