AZ

Qarabağda itkin düşmüş 4 min soydaşımızın taleyi çox yaxınlarda aydınlaşacaq - böyük proses başlayır...


İbrahim Rüstəmli: “Azərbaycan dövləti əsir və itkin düşən, girov götürülən vətəndaşlarımızın taleyinə biganə qalmır, bütün zəruri addımları atır”

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu üzlərinin sayı artırılıb. Fərmana əsasən, Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi Qrupu daimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu vaxta qədər İşçi Qrup 8 nəfərdən ibarət olub.

İşçi Qrupun sayının artırılması hansı zərurətdən doğub? Buna ehtiyac vardımı?

“İşçi Qrup üzvlərinin sayının artırılmasına, bura daha peşəkar kadrların cəlb olunmasına ehtiyac vardı”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun fəaliyyətində artıq yeni bir mərhələ başlayıb: “Bu fəaliyyətin güclənməsi torpaqlarımızın işğaldan azad olunmasından sonda daha da güclənib. 30 il işğal altında olan torpaqlarımızda ermənilərin törətdiyi cinayətlərin üstünün açılması, bir sıra faktların araşdırılması və sair baxımından İşçi Qrupu üzvlərinin sayının artırılması tamamilə gözlənilən idi. Çünki bu gün artıq Azərbaycan bu məsələlərlə bağlı tədqiqat işlərini maneəsiz şəkildə həyata keçirə bilir, cinayətin törədildiyi ərazilərə şəxsən nəzarət edə bilir, eyni zamanda cinayətin törədildiyi ərazilərdə sərbəst şəkildə hərəkət etmək imkanına malikdir. Bu mənada bu İşçi Qrupun üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan ki, torpaqlarımız azaddır və ərazilərimizdə vətəndaşlarımıza qarşı törədilən cinayətlərin tərkibinin öyrənilməsi, araşdırılması, bir sıra faktların yenidən təhlil edilməsi üçün yeni təminatlar var”.

İ.Rüstəmli qeyd etdi ki, vaxtilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı işğal edən, orda qondarma qurum yaradıb onun başında duran adamların artıq bir çoxu Azərbaycan qanunları qarşısında cavab verir, bu kimi faktlar digər faktların da açılması üçün əsas zəmin rolunu oynayır və oynayacaq da. “Azad ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktları ortaya çıxır. Biz bunu bilirdik, sadəcə o vaxt əlimizdə imkan yox idi ki, bu faktları sənədli şəkildə şahidlərin iştirakı ilə üzə çıxaraq və dünya ictimaiyyətinə təqdim edək. Bu mənada İşçi Qrupun üzərinə düşən iş həddən artıq məsuliyyətli və böyükdür. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün İşçi Qrup üzvlərinin sayının artırılmasına, bura daha peşəkar kadrların cəlb olunmasına ehtiyac vardı. Təbii ki, bütün bunlar Azərbaycan reallığını düzgün dəyərləndirmək, düşmənə layiq olduğu qiyməti vermək, hüquqi baxımdan düşmənin daşıdığı məsuliyyəti müəyyən etmək və sair üçün çox vacibdir. Bunun üçün də İşçi Qrup üzvlərinin sayının artırılması gözlənilən idi. Onların həm hərəkət treaktoriyası, həm araşdırma arenası artıq böyüyüb. Bu gün onların görməli olduğu işlər həddən artıq çoxdur. Bunu çox müsbət qarşılayıram. Bizim Birinci Qarabağ müharibəsində 4 minə yaxın insanımız itkin düşüb, əsir və girov götürülüb, hələ də o insanların əksəriyyətinin taleyi naməlumdur, onlardan xəbərimiz yoxdur”.

İ.Rüstəmli onu da əlavə etdi ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda minlərlə itkin düşmüş, hələ də taleyi nəməlum qalan insanlarımız çoxdur. “Təbii ki, Azərbaycan dövləti əsir və itkin düşən, girov götürülən vətəndaşlarımızın taleyinə biganə qalmır, bütün zəruri addımları atır. Buna görə də İşçi Qrupun üzvlərinin sayı artırılıb. İtkin və əsirdüşən, girov götürülən vətəndaşlarımızın hər birinin taleyinin daha dərindən araşdırılması üçün bu addım atılıb. Biz o insanlarımızın başına gələnləri dəqiq öyrənməliyik ki, verilən məlumatlar onların ailələrinin təsəllisi olsun”-deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr