İngiltərənin “Mançester Siti” klubundan ayrılmış 33 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi Kevin De Bröyne “Napoli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçmişdi. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Tərəflər bu müqaviləni yeniləməyəcklərini bir müddət öncə rəsmən açıqlamışdılar.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə De Bröyne Mançester klubu üçün bütün yarışlarda 40 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 422 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 111 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 31 qol vurub, 52 məhsuldar ötürmə verib.
De Bröyne karyerası ərzində “Genk”, “Çelsi”, “Verder”, “Volfsburq” kimi klubların da şərəfini qoruyub.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.